“Ermənistan Türkiyəyə yaxınlaşır” Gündəm

“Ermənistan Türkiyəyə yaxınlaşır”

“Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar artıq praktiki mərhələyə keçməkdədir. Ararat Mirzoyanın “Marqara” sərhəd-keçid məntəqəsinə səfəri də bunun göstəricisidir. İrəvan bununla Türkiyə ilə sərhədin açılmasına və əlaqələrin genişləndirilməsinə hazır olduğunu nümayiş etdirir”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayevin sözlərinə görə, Ermənistanın əsas məqsədi uzun illər davam edən regional təcriddən çıxmaq, yeni iqtisadi və nəqliyyat imkanları əldə etməkdir: “Türkiyə ilə sərhədin açılması Ermənistan üçün ticarət, logistika və iqtisadi əlaqələr baxımından ciddi üstünlüklər yarada bilər. Bununla yanaşı, burada geosiyasi məqsəd də var. Ermənistan xarici siyasətində daha çox manevr imkanları əldə etmək və regionda dəyişən reallıqlara uyğunlaşmaq istəyir. Azərbaycanla sülh prosesində irəliləyiş də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün yeni imkanlar yaradıb”.

Deputat əlavə edib ki, artıq faktdır ki, Ermənistan Türkiyəyə yaxınlaşır və bunu ilk növbədə öz milli və iqtisadi maraqlarından çıxış edərək edir: “Lakin sərhəd-keçid məntəqəsinin hazır vəziyyətə gətirilməsi hələ sərhədin tam açılması demək deyil. Əsas məsələ siyasi qərarların praktik şəkildə həyata keçirilməsidir”.

Röya İsrafilova