"ABŞ səhvini anladı" Gündəm

"ABŞ səhvini anladı"

Tramp administrasiyası İran məsələsində kifayət qədər səhvlərə yol verdi və nəhayət ki, bunu anladılar. Bu səhvlər, başda ABŞ özü olmaqla dünya ölkələrinin siyasi və iqtisadi sabitliyinə ciddi təsir etdi və dünya iqtisadiyyatı kifayət qədər bu yürüdülən siyasətdən ziyan gördü. Bu baxımdan Tramp, "ziyanın yarısından dönmək" yolunu seçmək məcburiyyətində qaldı. Yəni hərbi əməliyyatları iqtisadi baxımdan İranın "nəfəsini kəsmək" lə əvəzləmək yolunu seçib.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Bu yolla İranı təslim etmək strategiyası üzərində siyasət planlaşdırır, desək doğru. Amma, ran iqtisadiyyatını çökdürmək, İran rejimini kapitulyasiyaya məcbur etmək demək deyil. Bu baxımdan ABŞ hökumətinin bu istiqamətdə apardığı hesablamalar özünü doğrultmaya bilər, amma Tramp administrasiyasını düşdüyü bu "bəladan" qurtulmaq üçün ən əlverişli seçim etdiklərini də burda qeyd etmək lazımdır. Bu baxımdan Vaşinqtonun İrana qarşı elan etdiyi kompaniyanın məqsədi yalnız İran şirkətlərini sanksiyaya salmaq deyil, İranın xarici valyuta və neft gəlirlərinin əsas kanallarını bağlamaq, həmçinin İranla işləyən üçüncü ölkə və şirkətləri də cəzalandırmaqdır" - o, vurğulayıb.

Politoloqin fikrincə, bu istiqamətdə ABŞ artıq xeyli sayda şirkət, gəmiçilik və maliyyə strukturlarına zərbə vurub. Yəni İranla biznes edən xarici qurumlara qarşı sanksiyalar təhdidini genişləndirir. Çin şirkətləri əsas hədəflərdəndir. Çünki, İranın neft ixracının əsas alıcısı Çindir. Çin geri addım atmağa məcbur qalsa, İranın gəlir damarı kəsilmiş olacaq. Amma, ABŞ bunu edə biləcəkmi? ABŞ, Pekinə qarşı iqtisadi və siyasi qarşıdurmaya getməkdən çəkinir və hesab edirəm ki, bu istiqamətdə də ABŞ üçün asan olmayacaq və məhz bu ziddiyyətli kompaniyanın ən zəif nöqtələrindən biri kimi də göstərilir:

"Bu baxımdan hesab etmək olar ki ABŞ, İran iqtisadiyyatına ciddi şəkildə ziyan vura bilər, onu zəiflədə bilər amma bu heç də asan olmayacaq və İran rejimini bununla çökdürməsi inandırıcı deyil. Hazırda isə bu kampaniyanın nəticələri özünü göstərir. İran realı rekord həddə ucuzlaşıb. Xarici ticarət 35 faiz azalıb və ölkədə inflyasiyanın səviyyəsi 60 faizin üstündədir.

Əslində bu göstəricilər Vaşinqtonun iqtisadi rıçaqlarının ciddi təsirə malik olmasından qaynaqlanır. Amma, belə şəraitdə İran xalqı və rejim nə qədər ayaq üstə dayanacaq? Siyasi təslimiyyət baş verəcəkmi? Beynəlxalq nüfuzlu təşkilatların və media qurumlarının araşdırmalarına görə sanksiyalar çox ciddi zərbələr vursa da, İran onların ətrafından keçmə mexanizmi yarada bilir.

Burada əsas faktor Çindir və Çin, İranın ABŞ- a təslim olmasına imkan vermir. Çünki, İranın neft ixracının sıfıra endirilməsi lazımdır ki, İran təslim olsun. Bunun üçün Çinin İran neftini almağa davam etməsinin qarşısını almaq lazımdır. Ola bilsin ki, ABŞ bundan dolayı Çinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etsin. Bu da artıq ABŞ-İran qarşıdurması yox, ABŞ-Çin qarşıdurması deməkdir. ABŞ, Çinlə əlaqəli bəzi İran şirkətlərinə sanksiya tətbiq edib.

Amma, İranın əsas iqtisadi damarına çevrilmiş böyük Çin maliyyə institutlarına qarşı sərt tədbirlər atmaqdan çəkinir. Bu baxımdan Çin, ABŞ-ın hazırladığı yeni iqtisadi kampaniyaya qarşı əsas məhdudiyyət hesab olunur və bu səbəbdən də hesab edirəm ki, ABŞ İranı hərbi cəhətdən məğlub edə bilmədiyi kimi, iqtisadi cəhətdən də məğlub edə bilməyəcək. Siyasi cəhətdən isə bu heç mümkün görünmür. Biz bunu İrana qarşı hərbi əməliyyatlar zamanı gördük və İranın siyasi iradəsi ABŞ və müttəfiqlərini geri addım atmağa məcbur edə bildi. Bu baxımdan da İranı iqtisadi sanksiyalar yoluyla kapitulyasiyaya məcbur etmək mümkün olmayacaq. Çünki, İran böyük ölkədir və əhalisi də çoxdur.

Ərazisi də genişdir. Xalq və dövlət strukturları onilliklər ərzində sanksiyalar altında yaşamağa uyğunlaşıblar. Ən əsası isə İran və iranlılar zamanın onların xeyrinə işlədiyinə inanırlar. Baxmayaraq ki, İran iqtisadiyyatı mühasirəyə alınıb, hakimiyyət ayaqdadır və sonda qalib gələcəklərinə inanırlar".

Cavid