“Bişkekdəki diplomatik təmaslar Azərbaycanın Avrasiya məkanında artan fəallığının növbəti ifadəsidir” Siyasət

“Bişkekdəki diplomatik təmaslar Azərbaycanın Avrasiya məkanında artan fəallığının növbəti ifadəsidir”

“Prezident İlham Əliyevin Bişkekdə ŞƏT tədbirində iştirakı Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin artan əhəmiyyətini göstərir. ŞƏT-in coğrafiyasına nəzər saldıqda bunun səbəbi aydın görünür. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən və dünyanın aparıcı iqtisadiyyatlarını, enerji istehsalçılarını, böyük əhali potensialına malik dövlətlərini bir araya gətirən platformadır. Çin, Hindistan, Rusiya, İran və Mərkəzi Asiya ölkələrinin daxil olduğu bu məkan Azərbaycanın iqtisadi, nəqliyyat və geosiyasi maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün burada əsas məsələ hər hansı bir siyasi blokun daxilində yer almaq deyil. Əsas məsələ müxtəlif platformalarla əməkdaşlıq edərək ölkənin milli maraqlarına uyğun imkanları genişləndirməkdir. Bu, Azərbaycan xarici siyasətinin çevikliyini göstərən mühüm nüansdır”.

Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyeva söyləyib ki, Azərbaycan bir tərəfdən Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirir, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinə töhfə verir, İslam dünyası ilə münasibətləri genişləndirir və eyni zamanda ŞƏT kimi Avrasiya miqyaslı platformalarla əməkdaşlığını gücləndirir: “Qırğızıstanın Azərbaycan xarici siyasətində əhəmiyyəti son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bunun səbəbi yalnız iki ölkənin dostluq münasibətləri və türk dünyasına mənsubiyyəti deyil. Mərkəzi Asiyanın beynəlxalq siyasətdə və qlobal iqtisadiyyatda artan çəkisi Azərbaycan üçün Qırğızıstanı daha əhəmiyyətli tərəfdaşa çevirir. Azərbaycanın Mərkəzi Asiyaya münasibəti artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxıb. Burada nəqliyyat marşrutları, enerji əməkdaşlığı, investisiyalar, ticarət, logistika, rəqəmsal bağlantılar və humanitar əlaqələr bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Azərbaycanın coğrafi mövqeyi də bu prosesdə mühüm üstünlük yaradır. Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Xəzər üzərindən keçən marşrutların və Azərbaycanın nəqliyyat infrastrukturu ilə bağlantıların əhəmiyyəti getdikcə artır. Bu səbəbdən Bakı ilə Mərkəzi Asiya arasında əməkdaşlıq yalnız ikitərəfli münasibət deyil, daha böyük Avrasiya bağlantısının bir hissəsi kimi qiymətləndirilməlidir”.

Deputat əlavə edib ki, Azərbaycanın son illərdəki fəallığını “orta güc dövləti” anlayışı ilə izah etmək müəyyən mənada mümkündür: “Burada söhbət böyük dövlətlərlə rəqabətdən getmir. Əksinə, orta güc dövlətinin əsas üstünlüyü müxtəlif tərəflər arasında əlaqə yaratmaq, regional təşəbbüslər irəli sürmək və müəyyən məsələlər üzrə beynəlxalq gündəliyə təsir göstərə bilməkdir. Azərbaycanın enerji və nəqliyyat layihələri, vasitəçilik təşəbbüsləri, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və müxtəlif çoxtərəfli platformalarda fəallığı bu modelə uyğun gəlir. COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi də təsadüfi nümunə deyildi. Eyni yanaşmanı Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, İƏT, Türk Dövlətləri Təşkilatı, İƏT, AQEM, D-8 və digər formatlarda iştirakı ilə bağlı da müşahidə etmək mümkündür. Burada əsas məqam platformaların sayından daha çox, onların bir-birini tamamlamasıdır”.

Onun fikirlərinə görə, Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkədir, bu coğrafi üstünlüyü siyasi və iqtisadi üstünlüyə çevirməyi bacarmışıq: “Azərbaycanın ŞƏT ölkələri ilə münasibətlərində nəqliyyat məsələsinin xüsusi çəkisi də təsadüfi deyil. Bu gün beynəlxalq ticarət yollarına nəzarət yalnız iqtisadi məsələ deyil. Nəqliyyat dəhlizləri dövlətlərin geoiqtisadi çəkisini də müəyyənləşdirir. Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin kəsişməsində yerləşən Azərbaycan bu baxımdan özünü Avrasiyanın mühüm bağlantı nöqtələrindən biri kimi mövqeləndirir. Məhz buna görə Azərbaycan–ŞƏT münasibətlərinə yalnız diplomatik əlaqələr prizmasından baxmaq kifayət deyil. Burada gələcək ticarət axınları, enerji marşrutları, logistika imkanları və regional iqtisadi inteqrasiya da nəzərə alınmalıdır”.

O vurğulayıb ki, Qırğızıstan səfərinin digər mühüm tərəfi onun Türk dünyası kontekstidir: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yalnız iqtisadi maraqlara əsaslanmır. Ortaq tarix, dil və mədəni bağlar siyasi dialoqun daha möhkəm təməl üzərində qurulmasına imkan verir. Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəallığı bu prosesin institusional ifadəsidir. Burada məqsəd yalnız mədəni yaxınlığı qorumaq deyil, həmin yaxınlığı iqtisadi, nəqliyyat, təhsil, rəqəmsal və siyasi əməkdaşlıq üçün praktik mexanizmlərə çevirməkdir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu baxımdan daha geniş Türk dünyası inteqrasiyasının bir elementi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin Qırğızıstana səfərinin daha geniş siyasi mənası məhz burada ortaya çıxır”.

P.Vəliyeva həmçinin deyib ki, Azərbaycanın diplomatik gücü yalnız onun hansı beynəlxalq təşkilatlarda iştirak etməsi ilə ölçülmür: “Əsas məsələ ölkənin müxtəlif platformalarda nə qədər çevik və ardıcıl hərəkət edə bilməsidir. Azərbaycanın Avropa ilə münasibətləri inkişaf etdirməsi Asiya ilə əməkdaşlığı istisna etmir. Türk dünyası ilə inteqrasiya İslam dünyası ilə münasibətlərə mane olmur. ŞƏT platformasında iştirak Avropa istiqamətində siyasəti zəiflətmir. Əksinə, bu istiqamətlərin paralel inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət manevr imkanlarını genişləndirir. Bişkekdəki diplomatik təmaslar Azərbaycanın Avrasiya məkanında artan fəallığının, Mərkəzi Asiya ilə dərinləşən əlaqələrinin və çoxqütblü dünya reallığında özünə daha geniş fəaliyyət sahəsi müəyyənləşdirmək strategiyasının növbəti ifadəsidir”.

Röya İsrafilova