13:06
399
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sahəsində Məkkə sazişinin təsisatlanması istiqamətində işləri davam etdirir və baş qərargahın gələcək strukturunu müzakirə edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Aydınlık" qəzetinə müsahibəsində bildirib.
"Məkkə alyansının təsisatlanması prosesi davam edir. Üç ölkə bu məsələ ilə bağlı texniki müzakirələr aparır. Biz baş qərargahın strukturunu və yaradılacaq hər bir bölmənin canlı qüvvə sayını müzakirə edirik. Bu proses başa çatmaq üzrədir", - deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, "məqsəd Məkkə alyansını genişləndirməkdir" və "bu kontekstdə növbəti addımlar daha konkret olacaq".
Səudiyyə Ərəbistanının obyektlərinə edilən hücumlar məsələsinə toxunan Fidan bunların qəbuledilməz olduğunu vurğulayıb. "Səudiyyə Ərəbistanına cənubdan və şimaldan, İraqda məskunlaşan təcavüzkarlar tərəfindən edilən hücumlar qəbuledilməzdir. Şimaldan və cənubdan mühasirəyə alınmaya, kritik infrastrukturun məhv edilməsinə yönələn və yalnız Səudiyyə Ərəbistanına deyil, bütün regiona zərər vuracaq bu əməllərə heç kim laqeyd qala bilməz", - deyə o qeyd edib.
Fidan, həmçinin əlavə edib ki, mövcud şəraitdə Türkiyə "Məkkə sazişinin ruhuna uyğun olaraq hərəkət edir". Lakin o, konkret olaraq hansı addımların atıldığına aydınlıq gətirməyib.
Məryəm Quliyeva