17:04
413
“Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışında səsləndirilən ən mühüm istiqamətlərdən biri də Böyük Qayıdış prosesidir. Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, çalışması və təhsil alması, bu ərazilərin bərpasına indiyədək 28 milyard manat vəsait ayrılması, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyasını göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Elnarə Akimova deyib.
Deputat əlavə edib ki, ancaq Böyük Qayıdışın mahiyyəti yalnız evlərin tikilməsi, yolların çəkilməsi, elektrik və su təchizatının yaradılması ilə bitmir: “Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtması, orada təhlükəsiz və ləyaqətli həyat qurması, məktəblərin, xəstəxanaların, iş yerlərinin və sosial xidmətlərin formalaşdırılması deməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcək inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Bu ərazilər ölkənin iqtisadi xəritəsinə yenidən inteqrasiya olunmalı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələrində potensial reallaşdırılmalıdır”.
E.Akimova vurğulayıb ki, müasir şəhərsalma prinsipləri, ağıllı kənd və şəhər layihələri, yaşıl enerji imkanları həmin bölgələrin gələcək inkişaf modelini müəyyənləşdirən amillərdir: “Ən başlıcası isə qayıdışın davamlı olması, insanların orada yalnız məskunlaşması deyil, öz gələcəklərini də qurmasıdır. Bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır: təhlükəsizlik olmadan inkişaf, iqtisadi dayanıqlıq olmadan sosial rifah, güclü dövlət institutları olmadan isə uzunmüddətli sabitlik mümkün deyil”.
O həmçinin bildirib ki, Azərbaycanın qarşısında indi yeni mərhələnin vəzifələri dayanır: “Bu mərhələnin əsas məzmununu qazanılmış suverenliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması, iqtisadi imkanların genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və azad edilmiş ərazilərin dirçəldilməsi təşkil edir. Tarixi Zəfər dövlət qarşısında yeni imkanlar açıb, lakin həmin imkanların davamlı nəticəyə çevrilməsi ardıcıl siyasət, güclü institutlar, peşəkar idarəçilik və cəmiyyətin fəal iştirakı ilə mümkündür”.
Röya İsrafilova