.jpg)
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Qurultayındakı çıxışında önə çəkilən əsas istiqamətlərdən biri Azərbaycanın müstəqil xarici siyasət kursunun qorunmasıdır”.
Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
O əlavə edib ki, Azərbaycanın təcrübəsi göstərir ki, müstəqil siyasət yalnız siyasi prinsip deyil, dövlətin beynəlxalq çəkisini müəyyən edən mühüm amildir: “Öz milli maraqlarından çıxış edən, qərarlarını kənar siyasi mərkəzlərin iradəsinə uyğunlaşdırmayan dövlətlə hesablaşırlar, onun mövqeyini nəzərə alırlar. Məhz bu yanaşma Azərbaycanın müxtəlif və bəzən bir-biri ilə ziddiyyət təşkil edən güc mərkəzləri ilə eyni zamanda əməkdaşlıq etməsinə imkan verir. Çin, ABŞ, Rusiya, Avropa İttifaqı, Ukrayna və digər tərəflərlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Bu siyasətin mühüm nəticələrindən biri də Azərbaycanın qarşıdurma içərisində olan tərəflər arasında etimad doğuran dialoq və təmas məkanı kimi çıxış etmək imkanlarının genişlənməsidir”.
Z.Qarayevanın sözlərinə görə, Azərbaycanın beynəlxalq təşkilat və platformalardakı fəaliyyəti də bu müstəqil siyasi xəttin praktik ifadəsidir: “Qoşulmama Hərəkatındakı fəallıq, İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində irəli sürülən təşəbbüslər, Mərkəzi Asiya dövlətləri ilə institusional əlaqələrin dərinləşdirilməsi göstərir ki, Azərbaycan artıq yalnız mövcud beynəlxalq proseslərdə iştirak edən deyil, müəyyən istiqamətlər üzrə gündəliyin formalaşmasına təsir göstərməyə çalışan dövlətdir. Müstəqil xarici siyasətin üstünlüyü də məhz bundadır: dövlət öz maraqlarına uyğun formatlarda iştirak edir, yeni əməkdaşlıq mexanizmlərinin yaranmasına töhfə verir və müxtəlif siyasi qütblərlə münasibətlərində manevr imkanlarını qoruyur. Beləliklə, Azərbaycanın xarici siyasətində balans özlüyündə məqsəd deyil; əsas məqsəd milli maraqların maksimum təmin olunması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsidir”.
Politoloq bildirib ki, bu siyasi xəttin tarixi əsasları isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına söykənir: “Yeni Azərbaycan Partiyasının təsis olunması və xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə taktiki və strateji hədəflər dəyişən regional və beynəlxalq şəraitə uyğun yenilənsə də, ana xətt dəyişməz qaldı: siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, güclü dövlət institutlarının yaradılması, hərbi potensialın artırılması və Azərbaycanın öz imkanlarına arxalanması. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasi irsin müasir çağırışlara uyğun davam etdirilməsi nəticəsində dövlətin iqtisadi və hərbi imkanlarının genişlənməsi ərazi bütövlüyünün və suverenliyin tam bərpası üçün zəruri potensial formalaşdırdı. Bu mənada tarixi Zəfəri yalnız hərbi nəticə kimi deyil, uzun illər ərzində ardıcıl həyata keçirilən dövlətçilik strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirmək olar”.
Röya İsrafilova