17:44
455
“Ailələrin öz doğmalarının taleyini öyrənmək hüququnun təmin edilməsi, etibarlı məlumatların bölüşdürülməsi, elmi potensialın gücləndirilməsi və humanitar əməkdaşlığın davamlılığının saxlanılması gələcək fəaliyyətimiz üçün bir-biri ilə bağlı olan prioritetlərimizdir”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib.
O bildirib ki, konfransın ana mövzusu olan etimad məhz bu sahələrdə atılan konkreti addımlar vasitəsilə möhkəmlənir: “Dəqiq məlumatlar axtarışlara yol açır. Əlaqələndirilmiş iş eyniləşdirməni sürətləndirir. Aydınlaşdırılan hər bir tale bir ailənin illərdir davam edən qeyri-müəyyənliyinə son qoymağa kömək edir”.
Dövlət Komissiyasının katibi qeyd edib ki, Azərbaycan üçün Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn yerləri barədə dəqiq və ətraflı məlumatları təqdim etməsi xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün mümkün olan bütün tədbirlərin görülməsi və ailələrin mövcud məlumatlarla təmin edilməsi beynəlxalq humanitar hüquq üzrə öhdəliklərdir: “Azərbaycan üçün Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn yerləri barədə dəqiq və ətraflı məlumatları təqdim etməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə praktiki əməkdaşlıq ailələrin əzablarını yüngülləşdirməyə və davamlı sülh üçün lazımi etimadı möhkəmləndirməyə kömək edə bilər.
Elmi və texniki əməkdaşlıq da davam etdirilməlidir. Təcrübə mübadiləsi, birgə tədqiqatlar, məhkəmə ekspertizası, genetika və müasir axtarış texnologiyaları üzrə mütəxəssislərin hazırlanması əldə etdiyimiz bilikləri praktiki nəticələrə çevirməyə kömək edəcək. Dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlər arasında davamlı əlaqələr bu əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir”.