Pentaqondan nəhəng müqavilə: 6,3 milyard dollarlıq "SM-3" raketləri istehsal olunacaq Dünya

Pentaqondan nəhəng müqavilə: 6,3 milyard dollarlıq "SM-3" raketləri istehsal olunacaq

ABŞ Hərbi Nazirliyi əsas podratçılarından biri olan "Raytheon" şirkəti ilə "SM-3 Block IB" raket-önləyicilərinin istehsalı üçün 6,3 milyard dollar dəyərində beşillik müqavilə imzalayıb. Müqavilənin müddətinin daha iki il uzadılması imkanı da nəzərdə tutulur.

Xalqcebhesi.az xəbər verir ki, ​Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda ABŞ hərbi nazirinin təchizat və hərbi satınalmalar üzrə müavini Maykl Daffi bildirib:

​"Bu müqavilə hərbi-sənaye kompleksimiz üçün istehsalın sabitliyini təmin edir, subpodratçı səviyyəsindəki maneələri aradan qaldırır və Hərbi Dəniz Qüvvələrimizin, eləcə də Quru Qoşunlarımızın hava, dəniz və quru döyüş sahəsində üstünlük təşkil etmək üçün lazımi raket-önləyicilərlə təmin olunmasına zəmanət verir".

​"SM-3" raketləri kiçik və orta mənzilli balistik raketləri vurmaq qabiliyyətinə malikdir. ABŞ HDQ-nin esminesləri tərəfindən tətbiq edilən bu raketlərin "SM-3 Block IB" modifikasiyası təkmilləşdirilmiş özütuşlama başlığı, modernləşdirilmiş idarəetmə sistemləri və hədəfə çatmaq üçün qısa cazibə impulslarından istifadə edən mühərriklə təchiz olunub.

Məryəm Quliyeva