Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək Siyasət

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq gündəliyi fonunda diqqət çəkir. Səfər çərçivəsində dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb.
Azərbaycanın Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”, - deyə Prezident əlavə edib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb. “Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığini bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”. Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - deyə o əlavə edib.
Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının daha da inkişaf etdirilməsi yük axınlarının Azərbaycan üzərindən Avropa istiqamətində artmasına şərait yaradacaq. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Azərbaycan mühüm tranzit qapıdır. Bu ölkələrin ixrac potensialı artdıqca, Orta Dəhliz vasitəsilə daşınacaq yüklərin həcminin də yüksəlməsi gözlənilir. Bu isə Azərbaycanın tranzit və logistika imkanlarını daha da artıracaq.
Avropa İttifaqının Orta Dəhlizə artan marağı Azərbaycanın nəqliyyat sektorunda yeni investisiya və əməkdaşlıq imkanları yarada bilər. Onun fikrincə, Avropa ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsinin genişlənməsi Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması deyil, həm də logistika, anbar, multimodal daşımalar və rəqəmsal nəqliyyat xidmətlərinin inkişafı baxımından yeni perspektivlər açır.
Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marşrut boyunca yerləşən ölkələrin vahid yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya dövlətləri və Türkiyə ilə əməkdaşlığı Orta Dəhlizin Avropa istiqamətində daha səmərəli və dayanıqlı nəqliyyat marşrutuna çevrilməsinə xidmət edə bilər.
Gələcəkdə Mərkəzi Asiyanın artan ixrac potensialı ilə Avropanın geniş bazarı arasında əlaqələrin qurulmasında Azərbaycanın rolu daha da artacaq və ölkə regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü