8 Oktyabr 17:39
8 Oktyabr 15:20
10:29
392
“ADY-də yükdaşımaların və xüsusilə tranzit daşımaların artması Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndiyini göstərən müsbət tendensiyadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yük axınının artması ölkənin regional tranzit sistemində əhəmiyyətini daha da gücləndirir. Lakin tranzit yükün artması hələ avtomatik olaraq Azərbaycanın logistika gəlirlərinin eyni səviyyədə artması demək deyil. Yükün ölkə ərazisindən keçməsi bir göstəricidir, həmin yükdən iqtisadi dəyərin ölkə daxilində yaradılması isə tamam başqa məsələdir. Əgər yük yalnız dəmir yolu ilə daşınır, ölkəyə daxil olur və qısa müddət sonra başqa istiqamətə çıxırsa, tranzitdən əldə edilən gəlirin böyük hissəsi yüksək əlavə dəyər yaradan xidmətlərə çevrilməyə bilər”.
Bu sözləri xalqcebhesi.az-a iqtisadçı Asif İbrahimov deyib.
A.İbrahimov bildirib ki, Azərbaycanın əsas üstünlüyü onun coğrafi mövqeyidir: “Amma coğrafi mövqe yalnız imkan yaradır, gəliri isə düzgün qurulmuş logistika sistemi formalaşdırır. Yükün saxlanılması, çeşidlənməsi, qablaşdırılması, sığortalanması, gömrük və ekspeditor xidmətləri, multimodal daşımalar və logistika mərkəzləri inkişaf etdikcə tranzitin iqtisadi effekti də artır. Azərbaycan uzun müddət tranzit ölkə kimi öz coğrafi üstünlüyündən istifadə edib. İndi əsas məsələ bu üstünlüyü daha yüksək əlavə dəyərə çevirməkdir. Bunun üçün nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, logistika xidmətlərinin çeşidi və keyfiyyəti də artırılmalıdır. Əks halda ölkədən keçən yükün həcmi böyüyür, amma həmin yükün yaratdığı iqtisadi dəyərin daha böyük hissəsi xaricdə formalaşır”.
Onun fikirlərinə görə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətinin artması Azərbaycanın qarşısında ciddi iqtisadi imkanlar açır: “Bu imkanlardan maksimum istifadə etmək üçün daşımaların sürəti, tariflərin rəqabət qabiliyyəti, gömrük prosedurlarının səmərəliliyi, rəqəmsal logistika sistemləri və özəl sektorun bu zəncirə inteqrasiyası daha da gücləndirilməlidir. Nəqliyyat sektorunda yük həcminin artması vacibdir, amma son məqsəd tonnajı artırmaq olmamalıdır. Əsas məqsəd tranzitdən daha çox gəlir əldə etmək, ölkə daxilində daha çox əlavə dəyər yaratmaq və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir. Azərbaycanın coğrafi üstünlüyü var, indi həmin üstünlüyü davamlı iqtisadi gəlirə çevirmək lazımdır”.
Röya İsrafilova
10:43
301
10:42
315
10:42
315