Aİ və Kanada müdafiə əməkdaşlığını genişləndirir Gündəm

Aİ və Kanada müdafiə əməkdaşlığını genişləndirir

Avropa İttifaqı və Kanada təhlükəsizlik sahəsində tərəfdaşlığı möhkəmləndirərək "Arktikadan Qara dənizədək" müdafiə əməkdaşlığını dərinləşdirməyi planlaşdırırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Rapporteur" portalı onların Monrealdakı sammiti üçün hazırlanmış birgə bəyanat layihəsinə istinadən məlumat yayıb.

Sənəddə deyilir: "Kanada və Aİ ümumi təhlükəsizliyimiz və müdafiəmiz üçün məsuliyyətin artırılmasında strateji tərəfdaşlardır". Qeyd olunur ki, tərəflər qlobal böhranların nizamlanması, müdafiə sənayesi, dəniz və kosmik təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirərək təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığın "icrasını sürətləndirəcəklər". Sənəddə həmçinin bildirilir ki, Kanada Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsindəki missiya və əməliyyatlarda iştirakını genişləndirməkdə maraqlıdır.

İqtisadi əməkdaşlıq məsələləri, eləcə də təhlükəsizlik, energetika, informasiya texnologiyalarının inkişafı mövzuları oktyabrın 29-30-da Monrealda keçiriləcək Aİ - Kanada sammitində müzakirə olunacaq. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentindəki illik çıxışında Aİ-nin Kanadaya ilk assosiasiyalı üzv olmaq imkanını təklif edəcəyini bildirib. Fon der Leyen bu məsələdə milli hökumətlərlə məsləhətləşmədiyi üçün bu ifadə avropalı siyasətçilərin tənqidinə səbəb olub. Aİ Kanadanın yeni status alması üçün yerinə yetirməli olduğu bir sıra şərtləri müəyyənləşdirib.

Məryəm Quliyeva