“Aİ-nin bu mövqeyi pozitiv irəliləyişlər üçün başlanğıc ola bilər” Gündəm

“Aİ-nin bu mövqeyi pozitiv irəliləyişlər üçün başlanğıc ola bilər”

Almaniya kansleri Fridrix Merz deyib ki, Ukrayna münaqişəsi ilə bağlı irəliləyiş olarsa, Rusiyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv edilə bilər.

Mövzu ilə bağlı xalqcebhesi.az-a fikirlərini bölüşən siyasi ekspert Zaur İbrahimli bildirib ki, hazırda Avropa İttifaqı Rusiyaya 22-ci paket sanksiyalar tətbiq etməyə hazırlaşır: “Kifayət qədər strateji sahələr və sənayenin əhəmiyyətli istiqamətləri Avropanın sanksiyalarına məruz qalıb. Avropa yaxın 1 ildə, ümumiyyətlə, Rusiyadan hər hansı enerji daşıyıcısı almamaq barədə qərar verib və proseslər bu cür davam edərsə, Aİ üzvü ölkələr Rusiyanın hazırda aldıqları sıxılmış qazdan da belə imtina edəcəklər. Avropa İttifaqının bu istiqamətdə qərarları var. Avropa İttifaqının sanksiyaları Rusiya iqtisadiyyatı üçün kifayət qədər ciddi problemlər yaradır və uzunmüddətli perspektivdə bu problemlər daha da dərinləşəcək”.

Z.İbrahimli deyib ki, uzunmüddətli perspektivdə bu sanksiyalar daha ciddi şəkildə hiss olunmağa başlayacaq: “Bu baxımdan Avropa İttifaqının mövqeyinin Merz tərəfindən məhz bu cür səslənməsi danışıqlar prosesində uzunmüddətli perspektivdə müəyyən impuls verə bilər. Hər şey daha çox Moskvanın irəli sürdüyü şərtlər paketinə yenidən baxıb-baxmaması ilə əlaqədardır. Biz son günlər Prezident Putinin açıqlamalarını təhlil etsək, görürük ki, Kreml öz mövqeyində qalmaqda davam edir və Kremlin əsas şərti dəyişməyib. Ukrayna hələ də işğal olunmamış müəyyən ərazilərdən geri çəkilməlidir, bu torpaqlar Rusiyaya verilməlidir, Ukraynanın ordusu ilə bağlı məhdudiyyətlər gündəlikdədir, Ukraynanın NATO üzvlüyü yol verilməzdir. Bu təkliflər Ukrayna üçün qəbulolunmaz olduğu kimi, eyni zamanda, Avropa İttifaqı üçün də qəbulolunmazdır”.

Ekspert düşünür ki, uzunmüddətli perspektivdə Almaniyanın baş nazirinin bu təklifi müəyyən danışıqlar üçün bünövrə yarada bilər: “Lakin yaxın aylarda biz Moskvanın mövqeyinin dəyişəcəyinə ümid bəsləyə bilmirik. Çünki Prezident Putinin açıqlamalarının təhlili göstərir ki, Moskva öz şərtlərində qəti şəkildə qalır və bu şərtlərlə aparılan danışıqlar indiyə qədər nəticə verməyib. Ukrayna da heç bir halda bu şərtləri danışıqlarda irəli aparacaq təkliflər kimi görmür və Ukrayna da öz mövqeyində qalır, Avropa İttifaqının da bu məsələdə Ukraynaya dəstəyi birmənalıdır”.

“Güman etmək olar ki, məhz Merz mümkün Avropa İttifaqı, ABŞ və Rusiya danışıqları üçün məhz belə bir mövqe ifadə edib. Bu, həm də Amerika Birləşmiş Ştatları üçün bir mesajdır ki, Avropa İttifaqı da Ukraynanın mövqeyini bölüşür. Qeyd etdiyim kimi, yaxın aylarda bu təkliflərin yeni impuls verəcəyini gözləmirik, lakin uzunmüddətli perspektivdə Avropa İttifaqının bu mövqeyi pozitiv irəliləyişlər üçün başlanğıc ola bilər” - deyə o əlavə edib.

Röya İsrafilova