Zelenski Ukraynasız danışıqlardan narazıdır Gündəm

Zelenski Ukraynasız danışıqlardan narazıdır

Çingiz Şahbazi: “Onun bu mövqeyi ilə bağlı etirazları doğru hesab etmirəm”

Vyaçeslav Potapenko: “Ukraynanın maraqlarını müdafiə edən Avropa oraya düşə bilmir”

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, böyük dövlətlər danışıqlarda iştirak etmədən digər ölkələrin, xüsusən də Ukraynanın taleyini müstəqil şəkildə həll etmək hüququna malik deyillər. O, bu yanaşmanı “böyük səhv” adlandırıb və təzyiq göstərmək cəhdlərinin istənilən nəticəni təmin etmədiyini vurğulayıb.
Dövlət başçısı bunu NBC News-a verdiyi müsahibədə Çin, Rusiya və ABŞ liderlərinin Ukraynanın gələcəyi ilə bağlı onun iştirakı olmadan qərar qəbul etmə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib.
“Böyük ölkələr həmişə bütün dünyanın gələcəyi ilə bağlı qərarlar verə biləcəklərinə inanırlar. Bu, mütləq böyük bir səhvdir. İstənilən ölkə, hətta kiçik bir ölkə ilə bağlı qərarlar həmin ölkənin iştirakı olmadan verilə bilməz”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, kiçik ölkələrə təzyiq göstərməyə və onlar üçün qərarlar qəbul etməyə çalışan dövlətlər uzunmüddətli perspektivdə səhvlərini anlaya bilərlər.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, artıq dördtərəfli görüş keçirilməlidir: Ukrayna, Avropa, ABŞ və Rusiya. Buna çox ümid edirik. Görüşün gündəliyi hamımız tərəfindən birgə işlənib hazırlanmalı və təsdiq edilməlidir.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Ukraynanın iştirak edib-etməməsindən asılı olmayaraq müharibənin dayandırılması üçün danışıqlar aparmağa hazırdır; o, həmçinin noyabr ayında Çinə səfəri çərçivəsində Putin və Çin Sədri Si Cinpinlə görüşməyə hazır olduğunu, bunun əsas məqsədinin isə qlobal nüvə tərksilahı olduğunu deyib. Tramp Zelenskini danışıqlar prosesinə mane olmaqda ittiham edib
Politoloq Çingiz Şahbazi qəzetimizə açıqlamasında deyib ki, bəli, Ukrayna Prezidenti Zelenski bu məsələdə haqlıdır. Onun etirazı təkcə siyasi narazılıq deyil, beynəlxalq hüquq və dövlət suverenliyi baxımından da əsaslı mövqedir: "Onun bu mövqeyi ilə bağlı etirazları doğru hesab etmirəm. Amma burda bir neçə incə məqamlar da var. Birincisi, ABŞ, Çin və Rusiya prezidentlərinin görüşməsi özlüyündə Ukraynaya qarşı addım demək deyil. Burada problem, bu dövlət başçılarının Kiyevin iştirakı olmadan, onun taleyi ilə bağlı hər hansı bir qərarın qəbul etmələri ilə ola bilər. Söhbət əlbəttə ki, Çində keçirilən üçtərəfli görüşdən gedir. Doğrudur, bu istiqamətdə dünyanın böyük nəşrlərində belə fikir ayrılıqları var. Bunu böyük dövlətlərin nümayişi kimi də, Ukraynanın, xüsusilə də Avropanın kənarda saxlanılması kimi də qiymətləndirmək olar. Ukrayna Prezidenti Zelenski bu baxımdan narazılıq edir və bu üçtərəfli görüşü öz ölkəsinin gələcəyi ilə bağlı və müttəfiqləri ilə bağlı təhlükə olaraq görür. Zelenski anlayır ki, Tramp, Putin və Si Cimpin bu görüşdə Ukraynadakı müharibəni dayandırmaq üçün kifayət qədər imkanlara malikdirlər. ABŞ və Çin liderləri Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr və ya belə sanksiyalarla Putini hədələsələr müharibənin dayandırılması üçün ciddi təzyiq yarana bilər. Bunu Ukrayna Prezidenti Zelenski ABŞ-nin NBC News telekanalına müsahibəsində deyib. Onun, "Ukraynanın gələcəyi Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz" cümləsi, həmçinin, Avropanın gələcəyi, Avropanın iştirakı olmadan müəyyən edilə bilməz, anlamı daşıyır".
Ç.Şahbazi deyib ki, Zelenski Trampın Putinlə Ukrayna nümayəndələrinin iştirakı olmadan təkbətək görüşməsini də tənqid etmişdi və bu addımı səhv addım adlandırmışdı. Zelenski başa düşür ki, Vaşinqton və Pekinin iqtisadi imkanları o qədər böyükdür ki, Moskvanı müharibəni dayandırmağa məcbur edəcək qədər təsirlərə malikdirlər. Bu baxımdan uçtərəfli görüş tarixi hadisədir və görüşdən sonra birgə sənəd imzalanıb. Açıqlanan birgə sənədində nüvə müharibəsinin qarşısının alınması, BMT islahatları və digər beynəlxalq məsələlər yer alıb. Lakin Ukrayna müharibəsi ilə bağlı konkret razılaşma sənəddə yoxdur. Bu da onu göstərir ki, üç liderin eyni masa ətrafına əyləşməsi nə Ukraynanın, nə də ki, Avropanın gələcəyinin həll edilməsi anlamına gəlməməlidir: "İlk baxışda liderlərin öz beynəlxalq statusunu nümayiş etdirmələri daha çox diqqət çəkir. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putin üçün əsas qazanc hansısa sazişin əldə edilməsi deyil. Əsas məsələ Rusiyanın yenidən dünyanın aparıcı dövlətləri ilə eyni səviyyədə müzakirələr aparan güç kimi təqdim edilməsidir. Hesab edirəm ki, Avropa və Ukraynanı narahat edən də məhz budur. Putin yenidən, bu dəfə Çini də bu məsələlərə daxil edərək, Ukrayna nümayəndələrinin iştirakı olmadan məsələləri izah etmək imkanı qazandı. Görüşü 1945-ci il tarixi Yalta konfransı ilə müqayisə edənlər də var. Əslində həmin görüşdə ABŞ, Böyük Britaniya və Sovet İttifaqının rəhbərləri müharibədə faşist Almaniyasına qalib gələn liderlər kimi müharibədən sonrakı Avropanın siyasi quruluşunu müzakirə etmişdilər. İndiki üçlük heç də qalib liderlər deyillər və onları bir-birinə qarşı qoyan kifayət qədər ziddiyyət təşkil edən geosiyasi və geoiqtisadi maraqlar və məqamlar var. Bu baxımdan da hesab edirəm ki, diplomatik qələbə, hərbi qələbə qədər uğurlu ola bilməz. Çin sammitini Putin üçün diplomatik uğur hesab edənlər də kifayət qədər var, amma hərb meydanında bu uğuru qoruyub saxlamaq imkanı da paralel olaraq vacib amillərdən hesab olunur. Bu səbəbdən də narahatçılıq təkcə Ukraynaya aid deyil, həmçinin narahatçılıq Şərqi Avropa, Baltik ölkələri, Tayvan və digər regionlar da böyük dövlətlərin öz aralarında razılasmasından ehtiyyat edirlər. Hesab edirəm ki, Zelenskinin narahatçılığı və etirazı yalnız Ukraynanın maraqlarını müdafiə etmir. O Avropanın da təhlükəsizlik maraqlarını müdafiə edən mövqe ortaya qoyub. Üç liderin görüşü nə qədər möhtəşəm görünsə də, bir o qədər də bunun təhlükəli tərəfləri ola bilər. Bu dünyanın böyük dövlətlərinin kiçik və orta dövlətlərin gələcəklərini onların iştirakı olmadan müəyyənləşdirmək hüququna malik olduqları düşüncənin yenidən gündəmə gəlməsidir".
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko isə deyib ki, Çinin Şençjen şəhərində keçirilən görüş yeni dünya nizamı yaratmaq cəhdlərindən xəbər verir. Təəssüf ki, Ukraynanın əsas tərəfdaşına çevrilən, ona silah və döyüş sursatı tədarük edən, eləcə də Ukraynanın Rusiya təcavüzündən müdafiəsini maliyyələşdirən Avropa öz mövqelərini və Ukraynanın maraqlarını müdafiə etmək üçün oraya düşə bilmir.
"Lakin həm ABŞ, həm Çin Xalq Respublikası (ÇXR), həm də Rusiya Federasiyası (RF) bəyan edirdilər ki, bu, Avropa müharibəsidir və onu avropalılarla birlikdə həll etmək lazımdır. Buna görə də Avropada tədricən Rusiya ilə danışıqlar aparmaq üçün NATO və Avropa İttifaqı (Aİ) ilə birlikdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşa nümayəndələrindən ibarət heyətin formalaşdırılması qərarına gəliblər. Hazırda avropalılar ümumi danışıqlar mövqeyinin formalaşdırılması üzərində işləyirlər. Bu, Ukrayna rəhbərliyinin baxışlarına uyğundur. Çətinlik ondadır ki, ABŞ, Çin və Rusiya təkcə Ukrayna ilə bağlı deyil, qlobal məsələləri də Avropasız həll edirlər. Prezident Volodimir Zelenskinin Ukraynanın danışıqlardan kənarda saxlanmasına etiraz bəyanatı da məhz bundan bəhs edir".

Cavid