
Son illər Azərbaycanda ailə strukturunda baş verən dəyişikliklər, urbanizasiya və sosial-iqtisadi faktorlar ahıl insanların qayğı ilə əhatə olunması məsələsini yenidən gündəmə gətirib. Ənənəvi böyük ailə modelinin tədricən kiçik ailələrlə əvəzlənməsi fonunda “qocalar evi”nə (Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi) artan tələbat cəmiyyətdə birmənalı qarşılanmır. Bəs bu tendensiyanın kökündə nə dayanır – milli-mənəvi dəyərlərin zəifləməsi, yoxsa müasir həyatın gətirdiyi sosial-iqtisadi çətinliklər? Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan ekspertlər mövcud vəziyyəti dəyərləndirib və çıxış yolları barədə danışıblar.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən sosioloq Üzeyir Şəfiyev Azərbaycanda ahılların sosial müdafiəsi və qayğı ilə əhatə olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, ölkəmizdə ahılların sağlam və aktiv qocalıq dövrü keçirməsi, sosial həyatdan təcrid olmaması, eləcə də onların cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif proqramlar həyata keçirilir: “Tənha ahıllara Sosial Xidmətlər Agentliyi tərəfindən stasionar, qeyri-stasionar və günərzi xidmətlər formasında sosial qayğı göstərilir.
Bununla yanaşı, ahıllara xidmət göstərən sosial müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun təşkili, onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası məsələləri də diqqət mərkəzində saxlanılmalıdır. Xüsusilə pensiya yaşına çatdıqdan sonra insanların həyat tərzində baş verən dəyişikliklərə uyğunlaşması mühüm əhəmiyyət daşıyır. Çünki bu mərhələdə insanlarda sosial aktivliyin azalması, özünü cəmiyyətdən kənarda hiss etməsi kimi psixoloji hallar meydana çıxa bilər. Bu baxımdan ahılların asudə vaxtının səmərəli təşkili, müxtəlif ictimai və sosial fəaliyyətlərə cəlb olunması vacibdir. Son illər ailə strukturunda baş verən dəyişikliklər ahıllara qayğı məsələsinə də təsirsiz ötüşmür.
Əvvəllər Azərbaycan daha çox ənənəvi ailə modelinə malik cəmiyyət idi. Ahıllar, əsasən, övladları, hətta yeni ailə qurmuş uşaqları ilə birlikdə yaşayırdılar. Sosiologiyada bunu mürəkkəb ailə modeli adlandırırıq. Lakin hazırda bu model tədricən yerini nuklear, yəni kiçik və ayrıca yaşayan ailələrə verir. Yeni qurulan ailələr müstəqil yaşamağa üstünlük verirlər. Nəticədə ailənin strukturu və sosial münasibətlərin xarakteri dəyişir. Bu dəyişikliklər fonunda “ahıllar evi”nə ehtiyacın artması da müşahidə olunur. Halbuki əvvəllər bu ehtiyacın böyük hissəsi ailədaxili münasibətlər və nəsillərarası birgəyaşayış hesabına qarşılanırdı”.
Sosioloq hesab edir ki, ahıllar evlərinin mövcudluğu müəyyən sosial ehtiyacdan irəli gəlsə də, bu modelin geniş yayılmış tendensiyaya çevrilməsinin qarşısını almaq lazımdır.
Onun fikrincə, dövlətin sosial qayğı mexanizmləri ilə yanaşı, ənənəvi ailə institutunun qorunması da prioritet istiqamətlərdən biri olmalıdır: “Mürəkkəb ailə modeli yalnız ahılların qayğı ilə əhatə olunması baxımından deyil, həm də uşaqların sosiallaşması, milli-mənəvi dəyərlərin qorunması və nəsillər arasında mənəvi bağların möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Bir ailədə nənə və babanın, ağsaqqal və ağbirçəklərin olması uşaqların tərbiyəsinə, dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. Onlar öz həyat təcrübələrini, ailə ənənələrini, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə ötürən mühüm sosial institut funksiyasını yerinə yetirirlər. Minilliklərə söykənən dəyərlərimizin qorunub saxlanılmasında ağsaqqal-ağbirçək institutunun xüsusi yeri var. Bu baxımdan həmin arxetiplərin ailə daxilində funksionallığı artırılmalıdır. Ənənəvi ailə modelinin qorunması yalnız yaşlı nəslin deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir. Ailədaxili münasibətlərdə ağsaqqal və ağbirçəklərin mövqeyi bir çox hallarda münaqişələrin qarşısının alınmasına və problemlərin daha sağlam şəkildə həllinə kömək edir. Unutmamalıyıq ki, ailə böhranları və münaqişələr zamanı ağsaqqal-ağbirçəklərin müdrik müdaxiləsi mühüm tənzimləyici rol oynaya bilər. Onların həyat təcrübəsi və nüfuzu ailədaxili konfliktlərin yumşaldılmasına, tərəflər arasında anlaşmanın bərpasına şərait yaradır. Bu mənada ağsaqqal-ağbirçək institutu həm də ailənin daxili sosial nəzarət və mənəvi tənzimləmə mexanizmlərindən biridir”.
Sosioloq əlavə edib ki, ahıllara qayğı məsələsi yalnız sosial xidmət müəssisələrinin sayının artırılması ilə həll edilməməlidir: “Bu istiqamətdə ailələrlə sosial işin gücləndirilməsi, nəsillərarası münasibətlərin təşviqi, ailə üzvlərinin yaşlı nəslə qayğı göstərmək məsuliyyətinin artırılması da vacibdir. Azərbaycanda ənənəvi ailə dəyərlərinin qorunması, ağsaqqal-ağbirçək institutunun nüfuzunun artırılması və ahılların ictimai həyata fəal cəlb edilməsi paralel şəkildə həyata keçirilməlidir. Beləliklə, həm ahılların sosial təcridinin qarşısı alınar, həm də milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi təmin edilər”.
“Yaşlılara baxan ailələrə dəstək verilməlidir”
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, ekspert Nailə İsmayılova söyləyib ki, Azərbaycanda qocalar evlərinə tələbatın artması yalnız demoqrafik dəyişikliklərlə deyil, həm də ailə institutunda baş verən sosial və iqtisadi transformasiyalarla bağlıdır: “Əvvəllər bir neçə nəslin birlikdə yaşaması, yaşlı valideynlərə övladların və digər ailə üzvlərinin qayğı göstərməsi daha geniş yayılmışdı. Lakin bu gün urbanizasiya, miqrasiya, övladların başqa şəhərlərdə və ölkələrdə yaşaması, ailələrin kiçilməsi, qadınların əmək bazarında daha fəal iştirakı ahıl insanlara gündəlik qayğını çətinləşdirir. Tək yaşayan yaşlıların, sağlamlıq imkanları məhdud və daimi qulluğa ehtiyacı olan insanların sayının artması da sosial xidmətlərə tələbatı yüksəldir. Bəzi hallarda övladların qayğı göstərmək istəməməsi deyil, maddi və fiziki imkanlarının məhdudluğu bu problemi daha da dərinləşdirir. Bu səbəbdən məsələyə yalnız ailə məsuliyyəti prizmasından yanaşmaq düzgün olmazdı. Hesab edirəm ki, qocalar evi yaşlı insan üçün yeganə çıxış yolu olmamalıdır. Dövlət ahıl vətəndaşların öz evlərində, ailələrinin yanında və ya seçdikləri sosial mühitdə təhlükəsiz yaşamasına imkan verən alternativ xidmətləri genişləndirməlidir”.
N.İsmayılovanın fikrincə, bunun üçün evdə sosial xidmətlərin əhatəsinin artırılması, gündüz qayğı mərkəzlərinin yaradılması, tək yaşayan ahıllar üçün sosial müşayiət sisteminin qurulması, uzunmüddətli qulluq xidmətlərinin inkişafı vacibdir: “Eyni zamanda, ailə üzvlərinə ahıl yaxınlarına qayğı göstərdiklərinə görə müəyyən sosial dəstək mexanizmlərinin tətbiqi də nəzərdən keçirilməlidir. Qocalar evlərində xidmət keyfiyyətinə, tibbi və psixoloji dəstəyə, yaşlıların hüquqlarının və şəxsi ləyaqətinin qorunmasına ciddi nəzarət edilməlidir. Ahıl insanlara qayğı yalnız övladların mənəvi borcu deyil, həm də cəmiyyətin sosial məsuliyyətidir. İnsan ömrünün son mərhələsində özünü yük, unudulmuş və kənarda qalmış hiss etməməlidir. Əsl sosial dövlətin göstəricilərindən biri də məhz yaşlı vətəndaşlarının nə qədər qayğı, diqqət və ləyaqətlə əhatə olunmasıdır”.
Günel Elxan