Vüqar Bayramov optimis danışıb İqtisadiyyat

Vüqar Bayramov optimis danışıb

"Süni qiymət artımına qarşı görülən tədbirlər artıq nəticə verməkdədir"

Ekspertlər sahibkarların özlərində sosial məsuliyyət hiss edərək, əhalinin maddi vəziyyətini nəzərə almalarının vacibliyini bildirirlər.
Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş son iclasında ötən ilin iqtisadi yekunları bütün sahələr üzrə geniş təhlil edilərək, növbəti dönəm üçün vəzifələr müəyyənləşdirilib.
Dövlət başçısının həmin iclasdakı əhatəli çıxışında ölkənin iqtisadi inkişaf tendensiyasının 2015-ci ildə də uğurla davam etdirildiyi, iqtisadi planda qarşıya qoyulan məqsədlərə nail olunduğu konkret göstəricilər üzrə diqqətə çatdırılıb.
Keçən ilin iqtisadi nəticələrinə nəzər saldıqda, ilk növbədə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin dayanmadığı xüsusi qeyd olunmalıdır.
Dünyada 2015-ci ildə daha da dərinləşmiş iqtisadi böhran fonunda Azərbaycanda ÜDM-nin 1 faiz artması ciddi nailiyyət kimi önə çəkilib.
Bundan başqa, ölkənin iqtisadi uğurlarının təsdiqi - sənaye məhsulları istehsalında 2.4%, qeyri-neft sənayesində isə 8.4 % artımın əldə edilməsi aparılan düzgün iqtisadi siyasətin məntiqi nəticəsi olaraq dəyərləndirilib.
Eyni zamanda, qazanılan bu nailiyyətlər qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərin və davamlı olaraq həyata keçirilən islahatların nəticəsi kimi qeyd edilib.
Yola saldığımız ili ölkə iqtisadiyyatı üçün əlamətdar edən cəhətlərdən biri də xarici investisiya axınının dayanmamasıdır.
2015-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş ümumilikdə 20 milyard dollar həcmində sərmayənin yarısı məhz xarici investisiyadır.

Bu fakt Azərbaycanın xarici investorlar üçün öz cəlbediciliyini qoruyub saxlamasının təsdiqi hesab edilməlidir.
Azərbaycan özünün də aid olduğu regionda cərəyan edən mürəkkəb siyasi proseslərin gedişində və siyasi maraqların iqtisadi qanunauyğunluqlar üzərində diqtəsinin gücləndiyi bir şəraitdə iqtisadiyyatda artım tempini saxlamağa nail olub.
Ölkə iqtisadiyyatında dayanmayan bu müsbət tendensiya beynəlxalq iqtisadi və maliyyə təşkilatları tərəfindən də etiraf edilir və yüksək qiymətləndirilir.
Azərbaycan "Doing Business 2016" hesabatında öz mövqeyini əvvəlki hesabatla müqayisədə 17 pillə yaxşılaşdıraraq, 63-cü yerə yüksəlib.
Azərbaycan həmin hesabatda dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri kimi qeyd olunub. Ondan başqa, keçən il "Fitch Ratings" agentliyi də Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Eyni zamanda, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksinə görə müəyyənləşdirdiyi 140 ölkənin daxil edildiyi reytinq cədvəlində Azərbaycan 40-cı yerdə mövqe tutub.
Prezident İlham Əliyev bəhs olunan müşavirədə manatın ikinci devalvasiyasından sonra yaranan və vətəndaşlarda müəyyən narahatlıq doğurmuş süni qiymət artımının qarşısının alınmasına dair konkret tapşırıqlar verərək, müvafiq dövlət qurumlarını bu istiqamətdə qəti tədbirlər görməyə çağırıb.
Müşahidələr və yayılan məlumatlar da təsdiqləyir ki, artıq istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün konkret işlər görülməkdədir.
İqtisadçı-ekspert Vüqar Bayramov da dövlət başçısının məlum tapşırığından sonra bu istiqamətdə praktik addımların atıldığını bildirib:"Çox təəssüf ki, manatın ikinci devalvasiyasından sonra bir sıra sahibkarlar əsaslandırılmayan, süni qiymət artımına yol verirlər. Azərbaycanın istehlak bazarında idxal məhsulları üstünlük təşkil etdiyindən, burada bir məqama diqqət yetirilməlidir.
Yəni sahibkar başqa ölkələrdən aldığı məhsul üçün ödənişi xarici valyuta ilə etsə də, həmin məhsul Azərbaycan ərazisinə daxil olduqdan sonra çıxan bütün xərcləri artıq manatla ifadə olunur. Ona görə də, sahibkar idxal etdiyi məhsulun satış qiymətlərini müəyyənləşdirərkən, bu amili, əhalinin maaş və pensiyalarının manatla verildiyini mütləq nəzərə almalıdır.
Eyni zamanda, daxildə istehsal olunan məhsulların satış qiymətləri də konkret kriteriyalar üzrə müəyyənləşməlidir. Təbii ki, sahibkar apardığı ticarət zamanı daha çox gəlir götürməyə çalışır. Lakin bu zaman onun qiymətləri əsaslandırmadan, süni surətdə qaldırması yolverilməzdir.
Digər tərəfdən, yaranmış vəziyyətdə sahibkarlar özlərində sosial məsuliyyət hiss edərək, əhalinin maddi vəziyyətini də gözardı etməməlidirlər.
Qeyd olunmalıdır ki, hazırda əhalinin böyük kəsimini narahat edən məsələ manatın devalvasiyasından çox, qiymətlərin artması, bir çox hallarda isə süni artımdır. Vətəndaşlar əsas bundan narahatdırlar.
Bu üzdən prezidentin süni qiymət artımının qarşısının alınması üçün verdiyi tapşırıq təqdir olunası haldır. Etiraf edilməlidir ki, artıq bu sahədə müəyyən nəticələr də var.
Çalışmaq lazımdır ki, süni qiymət artımına qarşı həyata keçirilən tədbirlər davamlı olsun və bu məsələyə nəzarət zəifləməsin".