“Azərbaycan bütün öhdəliklərinə sadiqdir” İqtisadiyyat

“Azərbaycan bütün öhdəliklərinə sadiqdir”

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi 21-ci əsrin tarixi layihəsidir"

"Bu toplantıda ötən illər ərzində görülən işlər yekun vurulacaq, qarşıda duran işlərə baxılacaq. Ötən ilki toplantıdan sonra layihə iştirakçıları arasında əlaqələndirmə işləri yüksək səviyyədə, uğurla aparılıb".
Azərbaycan prezidenti İlham Əliyev bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının II iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə TANAP kəmərinin təməli qoyulub: "Bu layihə Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi layihəsi barədə danışdıqda biz anlayırıq ki, bu, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resurslarının şaxələndirilməsi istənilən ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir.
Zəngin təbii resursları olan ölkələr enerji baxımından təhlükəsiz vəziyyətdədir. Çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda bu ölkələrin bazarlara ehtiyacı var. Hasilatçılara qanunvericiliklə tənzimlənən uzun perspektivli bazarlar lazımdır. Biz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr, eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Hesab edirəm ki, gələn 2-3 il ərzində planlarımızın uğurla həyata keçirilməsi bu layihənin gələcək üçün çox yaxşı potensialı olduğunu göstərəcək".
Azərbaycan prezidenti deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək.
Dövlət başçısı bildirib ki, enerji siyasəti bu gün dünyanın təhlükəsizliyində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur: "Azərbaycan bütün öhdəliklərinə sadiqdir. Ölkəmiz hər zaman bazar iqtisadiyyatı prinsiplərini inkişaf etdirir. Bir məqamı da vurğulamaq istəyirəm. Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır".
Prezident İlham Əliyev deyib ki, Azərbaycan layihə üzvləri arasında güclü əməkdaşlıq qurub və bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrində də uğurlu əməkdaşlığa imkan yaradacaq: "Enerji əməkdaşlığı Avropa İttifaqı ilə əlaqələrində mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin icrası zamanı yubanmalara yol verilməməsi vacibdir. Maneələri dəf etmək üçün bütün hökumətlər səylərini birləşdirməlidir".
Dövlət başçısı qeyd edib ki, TANAP layihəsinin icrası fəal mərhələdədir. O, TAP layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib: "Cənub Qaz Dəhlizi 21-ci əsrin tarixi layihəsidir. Layihənin reallaşmasına töhfə verən ölkələrin hökumətlərinə minnətdarlıq edirəm".
Prezident İlham Əliyev "Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşı tarixi və potensialı olduğunu deyib və qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin yarısıAvropa İttifaqı ölkələrinin payına düşür.
Dövlət başçısı bildirib ki, Azərbaycan uzun illər özünü etibarlı tərəfdaş kimi göstərib: "Belə tədbirlər davamlı olacaq. Əminəm ki, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcək. Layihəni dəstəkləyən ölkələrə, xüsusən də ABŞ-a minnətdarlığımı bildirirəm. İmzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolu xüsusi qeyd ediləcək ".
Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi iri infrastruktur layihəsidir: "Bu, güclü əməkdaşlıq layihəsidir. Layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək. Bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur: "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək".