“Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir” İqtisadiyyat

“Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir”

Prezident İlham Əliyev: "2016-cı il neft ölkələri, o cümlədən Azərbaycan üçün sınaq ilidir"

Azərbaycan prezidenti İlham Əliyevbu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında iştirak edib.
Ölkə başçısı açılış nitqində Azərbaycanın təşəbbüsü ilə reallaşan iri enerji və infrastruktur layihələrindən söz açıb: "Bakı-Tbilisi-Ceyhan kəməri tikilməsəydi, enerji dəhlizi yaranmazdı. Daha sonra Bakı-Tbilisi-Ərzurum kəməri tikildi. Bu dəhliz üzrə hazırda nəqliyyat dəhlizi yaradılır, Şərq-Qərb dəhlizi reallaşır. İnanıram ki, Şərq-Qərb nəqliyyat dəhlizi bu ilin sonuna qədər istifadəyə veriləcək. Tərəfdaşlıq mövcud reallığı yaradıb. Beynəlxalq əməkdaşlığın təşəbbüskarı biz olmuşuq. Bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin neft və qazımız dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bunda maraqlıdırlar. İstehlakçı ölkələr alternativ mənbələrə çıxış əldə edəcək, tranzit ölkələr on illərlə gəlir əldə edəcəklər. Əgər 1990-cı illərdə üçtərəfli format yaranıbsa, bu gün bu format genişlənir. Artıq 7 ölkə Cənub Qaz Dəhlizinin üzvüdür. Balkan ölkələri ilə də müqavilələr imzalanıb".
Prezident bildirib ki, Azərbaycan qaz hasilatını artıracaq. Azəri-Çıraq-Günəşli yataqlar blokunun dərin laylarında da ciddi qaz ehtiyatları var. Biz daha geniş coğrafiyaya çıxmaq istəyirik. Azərbaycanın Cənub Qaz Dəhlizində liderlik rolu etiraf edilir. Məşvərət Şurasının yaradılması da böyük uğurdur. Biz bütün hədəflərə çatırıq. 2015-ci ildə TANAP layihəsinin, 2 ay əvvəl TAP layihəsinin təməli qoyuldu. Biz ardıcıl bütün hədəflərə çatırıq".
Azərbaycan prezidenti əldə edilmiş uğurların gərgin iş, beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olduğunu deyib.
Dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin icrası qrafik üzrə gedir: "Bizim qarşımızda bu gün duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. Azərbaycan öz resurslarından başqa məqsədlər üçün istifadə etməyib. İstəmişik ki, əməkdaşlığı genişləndirək, qonşuluğumuzda sabitlik olsun, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayılığı yoxdur, bütün tərəflərin maraqları təmin olunur. Ancaq maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Biz istəyirik ki, Azərbaycanda inkişaf sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin".
Prezident bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir: "Bu, arzu edilən mənzərə deyil. Biz bölgəmizdə sabitlik istəyrik. Yalnız sabitlik şəraitində bölgə, Azərbaycan inkişaf edə bilər".
Dövlət başçısı qeyd edib ki, neft ölkələri, o cümlədən Azərbaycan üçün 2016-cı il sınaq ilidir: "Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır, gələn il isə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq".
Prezident İlham Əliyev deyib ki, əsas məqsədlərdən biri sosial layihələrin ardıcıl icra edilməsidir: "Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq".
Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə xüsusi maraq göstərirlər: "ABŞ prezidenti və Böyük Britaniya baş nazirinin təbriklərini göndərməsi sərginin əhəmiyyətini göstərir".