Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva İqtisadiyyat

Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva

Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.

"Çinə səfər etmək imkanım oldu və Çin rəhbərliyi ilə ölkənin artım perspektivləri barədə nə düşündüklərini müzakirə etdim. Gəldiyim əsas nəticələr bunlardır ki, birincisi Çin yol ayrıcında yerləşir. Ölkə gələcək üçün artım strategiyasını müəyyən etməlidir. Üstəlik, son on il ərzində Çin ixraca yönəlmiş müəyyən siyasət kompleksinə əsaslanıb. Lakin artıq artım üçün daxili mənbələrdən istifadə etməyin vaxtı çatıb", - o deyib.

K.Georgiyeva qeyd edib ki, BVF Çin üçün 3 mühüm imkanı görür.

"Birincisi, iqtisadiyyatı daxili istehlak istiqamətində dəyişmək. Əslində bu, Çinin ikili sirkulyasiyaya malik iqtisadiyyat yaratmaq səylərinə uyğun gəlir. İstehlakçılarda daha çox əminlik yaratmaq və onlara daha çox xidmət, məhsul təklif etmək lazım olacaq. Bilirik ki, Çində səhiyyə xidmətləri əhəmiyyətli dərəcədə genişləndirilə bilər", - o deyib.

İcraçı direktorun sözlərinə görə, ikincisi, Çinə müsbət təsir göstərmiş islahatlara yenə də ehtiyac var.

"Sonuncu, lakin önəmli məqam budur ki, müəyyən problemlər var və onların necə həll olunacağı Çində artıma təsir göstərəcək. Bunun daha aşkar nümunəsi daşınmaz əmlak sektorudur. Çində insanlar mülkə qənaət etmək vasitəsi kimi baxırlar və daşınmaz əmlak qiymətləri ucuzlaşanda qənaət edilən bu vəsait azalır. Bu, istehlakçıların etibarına təsir göstərir. Bu səbəbdən sözügedən sektorda daha qətiyyətli tədbirlər şübhəsiz, Çinə kömək edəcək", - deyə K.Georgiyeva əlavə edib.
Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.