“E-ticarət və rəqəmsal gömrük” mövzusunda regional seminar İqtisadiyyat

“E-ticarət və rəqəmsal gömrük” mövzusunda regional seminar

Noyabrın 28-də Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "E-ticarət və rəqəmsal gömrük" mövzusunda regional seminar işə başlayıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının təşkil etdiyi və 18 dövlətin gömrük xidməti nümayəndələrinin qatıldığı seminar Koreya Gömrük Əməkdaşlıq Fondu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə keçirilir.
Tədbir gömrük prosedurlarının hazırlanması və qərar qəbuletmə prosesində və əlaqədar informasiya-kommunikasiya texnologiyaları proseslərində iştirak edən gömrük əməkdaşları üçün nəzərdə tutulub. Məqsəd sərhədlərarası e-ticarət və gömrük mühitində müasir texnologiyaların istifadəsi ilə bağlı məsələlərə dair Avropa regionu gömrük idarələrinin mövcud imkanlarını gücləndirmək və bilikləri artırmaqdır.
Seminarın açılış mərasimində çıxış edən ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşov Ümumdünya Gömrük Təşkilatı tərəfindən 2016-cı ilin "E-gömrük ili" elan olunduğunu xatırladıb. A.İmaşov seminarın e-ticarətə və beynəlxalq təchizat zəncirinin elektronlaşdırılmasına artan diqqət baxımından ÜGT-nin bu sahədə apardığı davamlı iş barədə ətraflı məlumat və bilgi verməklə maksimum fayda gətirəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vurğulayıb ki, e-ticarət dünya biznesində yeni trendə çevrilib və Azərbaycan bu prosesdən kənarda qala bilməz. E-ticarətin inkişafı isə informasiya-kommunikasiya texnologiyalarını və dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətləri tətbiq etmədən mümkün deyil.
R.Həsənəliyev diqqətə çatdırıb ki, Azərbaycanda "Elektron hökumət portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Elektron Hökumət" portalı yaradılmış və bütün nazirliklər və dövlət təşkilatları bu sistemə qoşulub. Öz növbəsində, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi biznes strukturları ilə qarşılıqlı əlaqələri müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə qurur. Biznes strukturları ilə işə yanaşmada gömrük orqanlarının məqsədi nəzarətedici yox, xidmətlər təqdim edən orqan kimi fəaliyyətə keçidi təmin etməkdir.
ÜGT-nin Asanlaşdırma üzrə Alt-direktorluğunun texniki əməkdaşı Pashupati Nath Pande və Koreya Gömrük Xidmətinin nümayəndəsi xanım Youngmi Kim qeyd ediblər ki, bu gün elektron xidmətlər erasında yaşayan cəmiyyət, xüsusilə dövlət orqanları informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində yeniliklərə hər an hazır olmalı və ən təkmil texnologiyalardan istifadə bacarıqlarına yiyələnməlidirlər. O cümlədən, gömrük xidmətləri qabaqcıl texnologiyaların nailiyyətlərindən tam faydalanmalı və bu sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirməlidirlər.
Dekabrın 1-dək davam edəcək seminarda sərhədlərarası e-ticarət axınından irəli gələn imkanlar və problemlər daha geniş perspektivdən araşdırılacaq, iş təcrübələri və təşəbbüsləri bölüşüləcək, həmçinin qanuni rüsum və vergilərin səmərəli yığımını, ticarət təchizat zənciri və cəmiyyətin mühafizəsini təmin etməklə qanuni daşınmanın asanlaşdırılması baxımından mümkün həllər müzakirə ediləcək. Həmçinin tərəfdaş dövlət qurumları və digər maraqlı tərəflərin iştirakı ilə gömrük mühitində məlumat və kommunikasiya texnologiyalarının tətbiqinin artırılması və gücləndirilməsi baxımından müxtəlif rəqəmsal həllər müzakirə olunacaq.