Kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün addımlar açıqlanıb İqtisadiyyat

Kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün addımlar açıqlanıb

Bu ilin 16 aprel tarixində ölkəmizdə, paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə üç aylıq yağıntı norması qədər yağış yağıb və 17 dağ çayında sel və daşqınlar baş verib.

“APA-Economics, xəbər verir ki, bunu “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

O qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və FAO-nun məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5%-i qədər zərərə səbəb olub:

“İqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının dayanıqlı inkişafı üçün tədqiqat və yeni texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır. Fermerlər üçün qənaətli əkinçilik və innovativ suvarma üsulları suya və vaxta ciddi qənaət etməyə imkan verir. İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyi kimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəb olan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20%-i məhz bu sahə ilə əlaqədardır”.

M.Babayev bildirib ki, Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi, su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması ilə bağlıdır:

“Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Həmçinin aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir.
Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar və rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır.
İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir”, - deyə M.Babayev əlavə edib.