Aqrar sektorun inkişafı: problem və perspektivlər İqtisadiyyat

Aqrar sektorun inkişafı: problem və perspektivlər

Hazırda dünyada prioritet istiqamətlərdən biri aqrar sektorla bağlıdır. Bu gün dünya mediasında müzakirə olunan mövzulardan biri dünynın qida çatışmazlığı problemi ilə üzləşmə riskidir. Mütəxəssislər hesb edirlər ki, iqlim problemi qida çatışmazlığına yol açma ehtimalı yüksəkdir.
Azərbaycanda isə aqrar sektorun müxtəlif problemləri mövcuddur. Bir çox mütəxəssislər qeyd edir ki, suvarma problemi, texniki avadanlıqlarla təminatın aşağı səviyyədə olması, yüksək texnologiyaların tətbiq edilməməməsi və s. kimi çatışmazlıqlar bu sahənin inkişafını ləngidir. Həmçinin bu sahədə beynəlxalq təcrübədən yararlanmaqla problemləri aradan qaldıraraq irəliləyiş əldə etməyin mümkün olacağını söyləyənlər də var.
“Xalq Cəbhəsi” aqrar sektorda olan problemlərin və sözügedən sahənin inkişafının ləngiməsinin səbəbi ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
İqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda aqrar sahənin müxtəlif problemləri olduğunu vurğulayıb: “Ölkədə su problemi var, su idarə edilmir. Həmçinin fermerlərin subsidiya təminatında problemlər mövcuddur. Subsidiya verilir, amma o səmərəsizdir. Üstəlik subsidiyanın məbləği kifayət qədər aşağıdır. Fermerlərin maarifləndirilməsi aşağı səviyyədədir. Bölgələrdə kifayət qədər mütəxəssis qıtlığı var. Əslində mütəxəssislər var, amma fermerlərin onlara pul verib işlətməyə imkanları yoxdur. Amma bütün bu şəraitdə məhsul yetişdirilir və o məhsulun bazara çıxarılmasında ciddi problemlər var”.

“Fermer məhsulunu bazara çıxara bilmir”

A.Nəsirli fermerlərin bazar problemi yaşadığını bildirib: “Fermer öz məhsulunu özü bazara çıxara bilmir. Fermerdən məhsulu qapıda su qiymətinə dəllallar alır və aparıb iri şəhərlərdə özlərinin ödənişli tutduqları bazarlarda satırlar. Yəni ölkənin Bakı, Gəncə kimi böyük şəhərlərinin ətrafında pulsuz topdan satış mərkəzləri belə yaradılmayıb. Bakı kimi 5 milyon əhalisi olan şəhərin bir dənə topdan satış bazarı – Meyvəli bazarı var. Ondan başqa fermerlər heç bir yerə getmir. Orada da növbə var, ödənişlidir və ödənişi də kifayət qədər çoxdur”.

“Aqroparklar məhsuldarlığı yüksəldə bilmir”

Ekspert həmçinin fermerlərin avadanlıqlarla təminatının da aşağı səviyyə olduğuna diqqət çəkib: “Heç bir fermer öz gücü, təşəbbüsü ilə böyük texnika ala bilmir. Meyvə-tərəvəz anbarı tikə və ala bilmir. Eləcə də anbar tikmək üçün kreditlər də hər fermerə verilmir. Halbuki, ölkədə mini meyvə-tərəvəz anbarı artıq satışdadır. Sadəcə olaraq hər bir fermerin özünün mini meyvə-tərəvəz anbarı təşkil edilməlidir. Həm də bazarda inhisarçılıq var. Son illər aqroparklar yaradılır, aqroparklar özəl sektoru inzibatı vasitələrlə sıxışdırır, onların torpaqlarında onların imkanlarından istifadə edərək yaradılır, amma məsələ burasındadır ki, o aqroparklar da məhsuldarlığı yüksəldə bilmirlər”.

“Kənd təsərrüfatının ciddi problemləri var”

İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanın bir sıra məhsullarla təminat səviyyəsinin tam olmasa da müəyyən dərəcədə kənd təsərrüfatı hesabına təmin olunduğunu deyərək kənd təsərrüfatının ciddi problemləri olduğunu qeyd edib: “Suvarma problemi, su çatışmazlığı, su təminatının pis olması problemi var ki, sahibkarlar, təsərrüfat sahibləri bundan çox əziyyət çəkir. Ölkədə su qıtlığı ciddi problemdir. İkinci məqam kənd təsərrüfatının bazarı ilə əlaqədar problemdir. Daxili bazarı çıxmaq şərti ilə bir ixrac bazarından asılıyıq”.

“Bir bazardan asılılıq ciddi siyasi risklər yaradır”

X.Kərimlinin sözlərinə görə, Rusiya bazarından çox asılıyıq, bu da kənd təsərrüfatının dayanıqlı inkişafına mane olur və bir bazardan da asılılıq ciddi siyasi risklər yaradır: “Bu, kənd təsərrüfatının ən böyük problemidir. Artım səviyyəsi çox aşağıdır. Mən sizə bu 5 aylıq iqtisadi artımı deyim. Bu artım 1,5 faizdir. Kənd təsərrüfatında keçən ilin 5 ayında iqtisadi artım 3,1 faiz idi. Yəni böyümə sürəti də aşağı düşüb, kənd təsərrüfatı ümümdaxili məhsulun ölkədə cəmi 4 faizini verir. Baxmayaraq ki, məşğulluğun 3-də 1-i təqribən bu sektor hesabına təmin olunur, amma iqtisadiyyatın, ümumdaxili məhsulun cəmi 4 faizini verir”.

“İntensiv yollara əl atmalıyıq”

Ekspert həmçinin deyib ki, inkişaf üçün ciddi potensial var: “İnkişaf da ağıllı idarəetmə, kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi ilə mümkündür. Burada çox yaxşı Hollandiya, İsrail, Avropa təcrübəsi var ki, kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, bu cür intensiv yollara əl atmalıyıq. Çünki Azərbaycanda ekstensiv yolla mümkün deyil. Torpağı da azdır və torpağın əhəmiyyətli hissəsi də dəmyə təsərrüfatına yararsızdır. Buna görə də inkişaf ancaq ağıllı idarəetmə və yüksək texnologiyanın tətbiqi vasitəsilə mümkün ola bilər”.

“Böyük təsərrüfatlar yaranmalıdır”

İqtisadçı ekspert Emin Qəribli aqrar sahənin ləngiməsinin bir neçə səbəbi olduğunu qeyd edib: “Son dövrlər iqlim dəyişiklikləri nəticəsində su ehtiyatları azalıb, torpaqların şoranlaşması var və s. Özəlləşdirmə keçirildi və insanlara torpaqlar verildi. Problemlərdən biri də odur ki, bu gün də o torpaqlar səmərəli istifadə olunmur. Bəzən görürük ki, insanlar o torpaqlardan istifadə etmir və təkbaşına istifadə etmək bacarıqları yoxdur və ya bir il istifadə edirlər və o məhsulun qiyməti azalırsa, görürlər ki, səmərəli deyil və ikinci il istifadə etmirlər. Çox hallarda, məsələn, pandemiya dövründə gördük ki, insanlar gəlib şəhərdə yaşayır, torpaqları var heç ondan istifadə etmirlər”.

“Miqyas effekti rol oynayır”

E.Qəribli İsrail təcrübəsindən danışaraq kənd təsərrüfatında çalışanların icmalar formalaşdırdığını bildirib: “İsrail təcrübəsində belədir ki, bir neçə kiçik sahibkarlar və ya kənd təsərrüfatında çalışanlar icmalar formalaşdırır və bir kənd bir icma formasında məhsul istehsal edir, becərir. Burada miqyas effekti rol oynayır. Onda maya dəyəri aşağı düşür və birgə olanda yük daha az düşür. Amma bizdə hər kəs fərdi formada həyata keçirir. Suvarması çox baha başa gəlir. Düzdür, dövlət bu sahədə də yardımlar göstərir. Ancaq yenə deyirəm burada miqyas effekti də rol oynayır”.
Ekspert deyib ki, bütün dünyada ixrac yönümlü kənd təsərrüfatı məhsullarını çox vaxt böyük şirkətlər, təsərrüfatlar qurur: “Bizdə belə böyük təsərrüfatlar nisbətən azdır. Yəni ki, burada çıxış yolu ya böyük təsərrüfatlar yaranmalıdır ki, səmərəli olsun, ya da ki, müəyyən eksperimentlər icma formasında keçirilməlidir. Ona görə hesab edirəm ki, kiçik fərdi formada effekt verməyəcək. Ola bilər müəyyən bölgələrdə əsl sahibkarlar gəlib digər insanlardan torpaq icarəyə götürüb və ya sonradan alıb böyük təsərrüfat quraraq səmərəliliyi təmin edə biləcəklər. Bir sözlə, bu sahədə beynəlxalq təcrübə də çoxdur. Onları tətbiq etmək olar. Kənd təsərrüfatı bütün dünyada subsidiya tələbi olan bir sahədir. Hər yerdə bu məsələ həssasdır. Bu barədə fikirləşmək lazımdır”.

Röya İsrafilova