Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək İqtisadiyyat

Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək

Oktyabrın 12-13-də Bakıda Beynəlxalq Neft sammiti keçiriləcək. Qlobal Beynəlxalq Qiymət Agentliyi (Argus) tərəfindən təşkil edilən bu tədbirin əsas tərəfdaşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir (SOCAR). Tədbirin təşkilatçıları bildiriblər ki, sammitdə ən iri neft, nəqliyyat, ticarət, neft emalı və neft-kimya şirkətlərinin top-menecerləri bir araya gələrək öz sahələrində baş verən son hadisələri və yaxın gələcək üçün inkişaf perspektivlərini təhlil edəcəklər. Xəzər regionunda yeni iri layihələrin həyata keçirilməsi və yeni malgöndərmə istiqamətləri axtarışının fəallaşması nəzərə alınmaqla bu regionun ölkələri neftçıxarma, ticarət və nəqliyyat şirkətləri üçün yenə əsas tərəfdaşlar olaraq qalır.
Sammit iştirakçıları neftin və neft-kimya məhsullarının ixracı üçün logistika marşrutlarının inkişaf xüsusiyyətlərini, Xəzər regionu ölkələrinin daxili bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat və neft emalı infrastrukturunun genişlənməsi və modernləşməsi məsələlərini öyrənəcək, İran bazarı ilə qarşılıqlı fəaliyyətin spesifikasını müzakirə edəcəklər.
Sammitdə müzakirə olunacaq əsas mövzular bunlardır: Xəzər dənizi - Aralıq dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri; Xəzərin daxili neft və neft məhsulları bazarı; Azərbaycandan neft və neft məhsulları ixracının prioritet istiqamətləri; Xəzər regionunun nəqliyyat-logistika infrastrukturu; dəmiryol daşımaları və tarif siyasəti, gəmi sahibləri, limanlar və terminallar; Xəzər regionunun boru kəməri marşrutları: reallıqlar və perspektivlər; bank seksiyası: İran ilə əməliyyatların maliyyələşdirilməsi, İslamda maliyyələşdirmənin xüsusiyyətləri; Xəzər regionunun neft-kimya sənayesi: istehsal, nəqliyyat, satış və sair.