Sürixdə Bakının “EXPO 2025”in ev sahibliyinə namizədliyi ilə bağlı təqdimat keçirilib İqtisadiyyat

Sürixdə Bakının “EXPO 2025”in ev sahibliyinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatasının təşkilatçılığı ilə "Cənubi Qafqaz bazarları MDB, Yaxın Şərq və Avropaya qapıdır" mövzusunda biznes forum keçirilib. Azərbaycanın İsveçrədəki Səfirliyindən bildirilib ki, səfir Xanım İbrahimova forumda Bakı şəhərinin Ümumdünya "EXPO-2025" sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verib. Səfir Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolu, xüsusilə son dövrlər əldə etdiyi yüksək nailiyyətlər, hökumətin iqtisadiyyatın bütün sahələrində icrasına başladığı yol xəritələri, eyni zamanda, respublikamızın beynəlxalq səhnədə artan nüfuzu və bu xüsusda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirdən danışıb.
"EXPO 2025" sərgisinin təşkilinə Bakının namizədliyini irəli sürdüyünü qeyd edən səfir İsveçrə şirkətlərini Bakının namizədliyinə dəstək verməyə çağırıb. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırıb. Səfir X.İbrahimova Ümumdünya EXPO 2025 sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin də mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.
Biznes forum çərçivəsində həmçinin, çıxış edən şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən "LafargeHolcim" şirkətinin nümayəndəsi Pyer Deleplank və "ABB" şirkətinin nümayəndəsi İqor Almazov öz təqdimatlarında təmsil etdikləri şirkətlərin tarixindən, Azərbaycandakı fəaliyyətindən, şirkətlərinin gördüyü işlərdən danışıblar.