Oxford Economics: Müharibə ABŞ iqtisadiyyatı ilə bağlı riskləri artırır İqtisadiyyat

Oxford Economics: Müharibə ABŞ iqtisadiyyatı ilə bağlı riskləri artırır

ABŞ iqtisadiyyatı Yaxın Şərqdəki münaqişə fonunda artan qeyri-müəyyənlik, sürətlənən inflyasiya və zəifləyən əmək bazarı səbəbindən təzyiqlə üzləşib.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Oxford Economics" analitik mərkəzindən bildirilib.

Məlumata görə, Prezident Donald Trampın çıxışı bazarlarda sabitlik yaratmayıb və münaqişənin yaxın zamanda həll olunacağı ilə bağlı aydın siqnal verməyib. Bu isə investorların müxtəlif ssenarilər arasında qərar verməsini çətinləşdirərək fond bazarlarında dəyişkənliyi artırıb.

Hesabatda qeyd edilir ki, mart ayında ABŞ-da məşğulluğun 178 min nəfər artması ilk baxışda güclü göstərici kimi görünsə də, bu artım əsasən müvəqqəti amillərlə bağlı olub. Belə ki, tətil edən səhiyyə işçilərinin işə qayıtması və hava şəraitinin yaxşılaşması məşğulluq göstəricilərini şişirdib.

Eyni zamanda, işsizlik səviyyəsinin 4,4%-dən 4,3%-ə azalması real iş yerlərinin artımı ilə deyil, əmək bazarının kiçilməsi ilə izah olunur. Belə ki, işçi qüvvəsinin azalması immiqrasiyanın məhdudlaşdırılması və əhalinin yaşlanması ilə əlaqələndirilir.

Analizdə vurğulanır ki, əmək bazarında zəiflik fonunda əməkhaqqı artımı da yavaşlayır. Mart ayında maaşlar cəmi 0,2% artıb, illik artım tempi isə 3,5%-ə enib. Bununla yanaşı, inflyasiyanın sürətlənməsi real gəlirləri azaldaraq istehlak imkanlarını zəiflədir.

Qeyd olunur ki, işçilərin bazardakı mövqeyi də zəifləyib. İşdən könüllü çıxma səviyyəsi son illərin minimumuna enib ki, bu da işçilərin daha yaxşı iş tapmaq imkanlarına inamının azaldığını göstərir.

Hesabata görə, fevral ayında pərakəndə satışların 0,6% artmasına baxmayaraq, bu göstərici enerji qiymətlərinin artımından əvvəlki dövrü əhatə edir. Münaqişə fonunda yanacaq qiymətlərinin artması və qeyri-müəyyənlik istehlak xərclərinin azalmasına səbəb ola bilər.

Analitiklər hesab edir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) təklif yönümlü inflyasiya şoklarına təsir imkanlarının məhdud olması səbəbindən ilin ikinci yarısında faiz endirimlərinə qayıda bilər. Bildirilir ki, müharibənin yaratdığı tələbin azalması inflyasiya riskindən daha önəmli faktora çevrilə bilər.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin uzanması enerji qiymətlərini artıraraq inflyasiyanı sürətləndirə, eyni zamanda qlobal iqtisadi artımı zəiflədə bilər.