
“Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərib. Hətta ölkəmizin, xüsusilə də səhiyyənin ən çətin vaxtlarında biz bu dəstəyin şahidi olmuşuq. Minnətdarlıqla qeyd etməliyik ki, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istər Həydər Əliyev Fondunun dəstəyi ilə qeyd etdiyim sahələr üzrə çoxsaylı töhfələr verib. Bu gün də möhtərəm Mehriban xanım Əliyeva Respublikamızın Birinci vitse-prezidenti kimi bu sahələrə xüsusi diqqət göstərir. Bunun məntiqi nəticəsi kimi, möhtərəm Mehriban xanım Əliyeva bugünlərdə nəcib bir missiya ilə, daha dəqiq desək, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, onun bu nəcib təşəbbüsü Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və Prezident bu təşəbbüsün reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verib: “Hesab edirəm ki, belə bir humanist qərar həm ölkəmizdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların tərkibi olmaqla, həm də dövlətimizin, Dövlət Başçısının həyata keçirdiyi davamlı sosial siyasətin göstəricisidir. Minnətdarlıqla qeyd etməliyik ki, möhtərəm Prezidentimizin bu tapşırığı TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. Əslində, ölkəmizdə son illərdə həyata keçirilən əməkhaqqı islahatı da dövlət siyasətinin təməlinin məhz sosial xarakterli olmasını sübut edir. Əminik ki, bu qərar ölkə səhiyyəsinin gələcək inkişafına, əhaliyə daha keyfiyyətli tibb xidmətinin göstərilməsində də öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, tibbi xidmətin keyfiyyətinin davamlı olaraq artırılması hər bir dövlətin təhlükəsizlik doktrinasının strateji istiqamətlərindən biri olan demoqrafiq təhlükəsizliyin qorunmasında mühüm amillərdən biridir. Bu nəcib təşəbbüs və bu təşəbbüs əsasında Dövlət Başçısının humanist qərarı ilk növbədə həkim və orta tibb işçilərinin, bütövlükdə səhiyyə işçiləri üçün əlamətdar hadisə olmaqla ölkəmizin sosial həyatına böyük töhfədir. Sözsüz ki, tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir”.
M.İbrahimqızı diqqətə çatdırıb ki, bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah Azərbaycan vətəndaşına göstəriləcək keyfiyyətli tibb xidmətinə edilən investisiyadır: “Bildiyimiz kimi, ölkə səhiyyəsində əsaslı islahatlar çərçivəsində bütün bölgələrdə səhiyyənin zəngin maddi-texniki bazası yaradılıb və yüksək səviyyədə tibb təhsili almış güclü kadrlarla yetişdirilib. Yəni səhiyyə sahəsində bütün istiqamətlər üzrə, kompleks və paralel islahatlar həyata keçirməklə uğurlar əldə edilir. Bir daha qeyd etmək istərdim ki, müasir standartlara cavab verən xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək, müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrlar yetişdirməklə bərabər, həm də tibb işçilərinin maddi rifahı da artırılmalıdır. Beynəlxalq təcrübədə də yüksək tibbi xidmətin əldə edilməsində əməkhaqqı siyasətinin də böyük önəmi var. Etiraf etməliyik ki, bu gün ölkəmizin müxtəlif bölgələrində tibb kadrlarının çatışmazlığının səbəblərindən biri də əmək haqqlarının qənaətbəxş olmaması ilə əlaqədardır. Yəni bu qeyd etdiyim parametrlər bir-birlərini tamamlayaraq ölkə əhalisinin keyfiyyətli tibb xidmətini təmin edən amillərdəndir”.
Onun fikirlərinə görə, bugünkü nəcib təşəbbüs və bu təşəbbüs əsasında qəbul edilmiş qərar da bütün qeyd etdiyim parametlərə ən yüksək səviyyəli cavabdır: “Hesab edirəm ki, bölgələrdə tibb kadrlarının kritik çatışmazlığının qarşısının alınması üçün gələcəkdə də əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi və gücləndirilməsi davamlı olaraq aparılmalıdır. Belə ki, dünyanın bütün ölkələrində ən yüksək əmək haqqı alan tibb işçiləri əməklərinin qarşılığını aldıqda, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss etdikdə onun göstərdiyi tibb xidməti də yüksək olacaq. İnanırıq ki, gələcəkdə aparılacaq əməkhaqqı islahatında tibb işçilərinin peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və göstərdikləri xidmət keyfiyyəti nəzərə alınacaqd. Yekun olaraq bildirmək istəyirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərar ölkə ictimaiyyəti, xüsusilə də səhiyyə ictimaiyyəti tərəfindən dövlətimizin sosial siyasətinin tərkibi kimi yüksək qiymətləndirilir. Fürsətdən istifadə edərək Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü kimi həm Respublikamızın Prezidentinə, həm də Respublikamızın Birinci vitse-prezidentinə sonsuz təşəkkürümü bildirirəm”.
Röya İsrafilova