Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi əhəmiyyəti İqtisadiyyat

Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi əhəmiyyəti

Beynəlxalq iqtisadiyyatın son illərdə üzləşdiyi geosiyasi gərginliklər, tədarük zəncirlərində baş verən dəyişikliklər və yeni nəqliyyat marşrutlarına artan tələbat Avrasiya məkanında geoiqtisadi prioritetləri yenidən müəyyənləşdirir. Belə bir şəraitdə Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı nəqliyyat, enerji və logistika mərkəzi kimi mövqeyini getdikcə daha da gücləndirir. Əlverişli coğrafi yerləşmə, müasir infrastruktur, balanslaşdırılmış xarici siyasət və uzunmüddətli iqtisadi strategiya ölkəni Avropa–Asiya əlaqələrinin əsas geoiqtisadi qovşaqlarından birinə çevirir.
Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan dəyişikliklər onu göstərir ki, dövlətlərin rəqabət üstünlüyü təkcə təbii resurslarla deyil, həm də nəqliyyat dəhlizləri, logistika imkanları və regional əməkdaşlıq platformalarında oynadıqları rolla müəyyən edilir. Azərbaycan bu yeni reallığı vaxtında dəyərləndirərək nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırıb, beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirib və Avrasiyanın əsas tranzit marşrutlarından birinin formalaşmasında mühüm rol oynayıb.
Bu gün Azərbaycan Orta Dəhlizin aparıcı iştirakçılarından biri kimi Avropa ilə Mərkəzi Asiyanı, eləcə də Çin bazarını birləşdirən ən perspektivli marşrutlardan birini təklif edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları və Xəzər dənizində genişlənən yükdaşıma imkanları ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Beynəlxalq yük axınlarının diversifikasiyası nəticəsində Azərbaycanın təklif etdiyi marşrutlar həm məsafə, həm də təhlükəsizlik baxımından rəqabət qabiliyyətini gücləndirir.
Azərbaycanın geoiqtisadi əhəmiyyəti yalnız nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Enerji sahəsində həyata keçirilən uğurlu strategiya ölkəni Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşlarından birinə çevirib. Xəzər hövzəsinin enerji ehtiyatlarının beynəlxalq bazarlara təhlükəsiz şəkildə çatdırılması, mövcud enerji dəhlizlərinin inkişafı və yaşıl enerji layihələrinə artan investisiyalar Azərbaycanın beynəlxalq enerji xəritəsində mövqeyini daha da möhkəmləndirir. Bu isə ölkənin geoiqtisadi çəkisini artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlıq imkanlarını da genişləndirir.
Müasir geoiqtisadiyyatın əsas xüsusiyyətlərindən biri də dövlətlərin müxtəlif regionlar arasında etibarlı əməkdaşlıq platformasına çevrilməsidir. Azərbaycan bu istiqamətdə də uğurlu nəticələr əldə edib. Ölkə həm Avropa İttifaqı, həm Türk dövlətləri, həm Mərkəzi Asiya ölkələri, həm də Yaxın Şərq tərəfdaşları ilə iqtisadi əməkdaşlığı inkişaf etdirərək çoxtərəfli inteqrasiyanın vacib iştirakçısına çevrilib. Bu siyasət Azərbaycanın müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı tərəfdaş kimi qəbul olunmasına mühüm töhfə verir.
Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq da Azərbaycanın geoiqtisadi imkanlarını daha da genişləndirə bilər. Regionda davamlı sülhün təmin olunması, kommunikasiyaların tam açılması və iqtisadi əməkdaşlığın dərinləşməsi nəqliyyat marşrutlarının səmərəliliyini artırmaqla yanaşı, yeni investisiyaların cəlb olunmasına da şərait yaradacaq. Bu baxımdan Azərbaycanın təşəbbüskarı olduğu regional əməkdaşlıq layihələri yalnız milli iqtisadi maraqlara deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına xidmət edən platformalar kimi qiymətləndirilməlidir.
Qlobal iqtisadi sistem sürətlə dəyişdikcə etibarlı tranzit ölkələrinin və regional logistika mərkəzlərinin əhəmiyyəti daha da artır. Azərbaycan son illərdə həyata keçirdiyi strateji layihələr və ardıcıl iqtisadi siyasət nəticəsində bu prosesin aparıcı iştirakçılarından birinə çevrilməkdədir. Avropa ilə Asiya arasında etibarlı bağlantının təmin olunması, enerji təhlükəsizliyinə verilən töhfə, müasir nəqliyyat infrastrukturu və çoxtərəfli əməkdaşlıq modeli ölkənin geoiqtisadi mövqeyini davamlı şəkildə gücləndirir.
Bütün bunların hamısı onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycanın Avrasiya məkanındakı rolu daha da artacaq. Yeni ticarət marşrutlarının inkişafı, regional sülhün möhkəmlənməsi, rəqəmsal logistika həllərinin tətbiqi və iqtisadi inteqrasiyanın dərinləşməsi ölkəni Avropa–Asiya əlaqələrinin aparıcı geoiqtisadi mərkəzlərindən birinə çevirəcək. Azərbaycanın strateji baxışı, infrastruktur potensialı və beynəlxalq əməkdaşlığa açıq siyasəti bu məqsədin reallaşması üçün möhkəm zəmin formalaşdırır.

Əli Səlimov, iqtisadçı