
“İsrail Baş naziri Benyamin Netanyahunun “Türkiyənin Suriyada hərbi mövcudluğuna qarşıyıq” açıqlaması Türkiyə-İsrail münasibətlərində son dövrdə yaşanan gərginliyin Suriya sahəsinə də yansıma ehtimalını artıran bir inkişaf kimi qiymətləndirilə bilər. Lakin açıqlamanı birbaşa münaqişə iradəsi kimi şərh etmək əvəzinə, iki ölkənin Suriyadakı təhlükəsizlik prioritetləri və strateji hesablamaları çərçivəsində dəyərləndirmək daha doğru olar. Türkiyə baxımından Suriyadakı hərbi mövcudluq, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, bölgədəki qeyri-sabitliyin Türkiyəyə təsirlərinin qarşısının alınması və Suriyanın ərazi bütövlüyünün qorunması kontekstində nəzərdən keçirilir. Ankaranın əsas yanaşmasının Suriyada davamlı qeyri-sabitlik mühitinin yaranmasının qarşısını almaq və bölgənin yenidən genişmiqyaslı münaqişə zonasına çevrilməsinə mane olmaq olduğu söylənə bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu deyib.
O əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin müharibə deyil, sülh istədiyini vurğulaması da bu yanaşmanın mühüm göstəricisidir: “Bununla yanaşı, Ərdoğanın Türkiyəyə qarşı birbaşa hücum olacağı təqdirdə bunun cavabsız qalmayacağı istiqamətindəki mesajı Ankaranın sülh və diplomatiya seçimlərinin təhlükəsizlik məsələsindəki qətiyyətlə birlikdə nəzərdən keçirildiyini göstərir. İsrail baxımından isə Suriyadakı əsas prioritet öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi ünsürlərin və hərbi imkanların məhdudlaşdırılmasıdır. Bu baxımdan iki ölkənin təhdid qavrayışları və Suriyaya dair təhlükəsizlik perspektivləri arasında mühüm fərqlər mövcuddur”.
M.Özçubukçunun sözlərinə görə, Netanyahunun açıqlaması da İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dair narahatlıqlarını və təhlükəsizlik həssaslıqlarını ortaya qoyur: “Burada mühüm məqam ondan ibarətdir ki, Türkiyənin bölgədəki əsas maraqlarından birinin sabitliyin qorunması olduğu nəzərdən qaçırılmamalıdır. Suriyada yeni bir münaqişə dinamikasının meydana çıxması yalnız Suriyaya deyil, Türkiyə başda olmaqla, bölgədəki digər ölkələrə də birbaşa təsir göstərə bilər. Bu səbəbdən Ankara baxımından hərbi gərginliyin nəzarətdə saxlanılması, kommunikasiya kanallarının açıq tutulması və mümkün qədər diplomatik mexanizmlərin işə salınması mühüm əhəmiyyət daşıyır”.
Mütəxəssis həmçinin bildirib ki, iki ölkənin birbaşa hərbi qarşıdurmaya daxil olması həm regional təhlükəsizlik, həm də beynəlxalq tarazlıqlar baxımından ciddi nəticələr doğura biləcək ssenaridir: “Buna görə də mövcud açıqlamaları ilk növbədə qarşılıqlı siyasi və təhlükəsizlik mesajları kimi qiymətləndirmək lazımdır. Gərginliyin münaqişəyə çevrilib-çevrilməyəcəyində açıqlamaların sahədəki hərbi tətbiqlərə nə dərəcədə yansıyacağı həlledici olacaq. Nəticə etibarilə, Netanyahunun açıqlaması Türkiyə-İsrail münasibətlərindəki gərginliyi artıra biləcək xarakter daşıyır. Lakin bunu qaçılmaz bir qarşıdurmanın əlaməti kimi qiymətləndirmək doğru olmaz. Türkiyənin müharibə əvəzinə sülh və regional sabitlik vurğusu, eyni zamanda, mümkün hücum qarşısında öz təhlükəsizliyini qoruma iradəsi ilə birlikdə nəzərdən keçirilməlidir. Bu səbəbdən qarşıdakı dövrdə diplomatik kanalların açıq saxlanılması, yanlış hesablamalar riskinin azaldılması və Suriyanın yeni regional münaqişə zonasına çevrilməsinin qarşısının alınması mühüm əhəmiyyət daşıyacaq”.
Röya İsrafilova