10:56
336
“Türkiyədə və İsraildə bir-birinə tamamilə zidd qüvvələr hakimiyyətdədir. Yəni hər ki ölkədə sağçı qruplar hakimiyyətdədir və buna görə də onların arasında ciddi şəkildə fikir ayrılıqları var. Bu səbəbdən münasibətlərdə gərginliklərin olması təbiidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib.
Ekspert əlavə edib ki, ancaq burada əsas məqam odur ki, Türkiyə və İsrail açıq şəkildə toqquşmaya heç vaxt getməyiblər və gedəcəkləri də ehtimal edilmir: “Birinci növbədə hər iki ölkə arasında nə qədər fikir ayrılıqları olsa da müttəffiqlik münasibətləri var və uzun müddət də iki ölkə müttəfiqlik münasibətlərinə malik olub. Ticarət dövriyyəsi yüksək səviyyədədir, müxtəlif sahələrdə əməkdaşlıq var. Həmçinin ortada ABŞ məsələsi var. ABŞ Türkiyə və İsrailin bir-biri ilə toqquşmasına imkan verməz”.
Z.Əmrəliyev qeyd edib ki, digər bir məsələ odur ki, bu iki ölkənin arasındakı toqquşma ümumən regionda böyük gərginliyə səbəb ola bilər: “Ancaq Netanyahunun “Suriyada Türkiyənin üstünlüyünü qəbul etməyəcəyik” açıqlaması tamamilə absurd bir yanaşmadır. İlk növbədə hələ Suriyada vəziyyət tam qənaətbəxş deyil və buna görə Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Suriyada olmalıdır. Yəni bu, sadəcə olaraq Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün olan bir prosesdir”.
Röya İsrafilova