“Suriyada Türkiyənin çəkisi ciddi şəkildə artıb” Dünya

“Suriyada Türkiyənin çəkisi ciddi şəkildə artıb”

“Netanyahunun Türkiyənin Suriyadakı hərbi mövcudluğuna qarşı sərt mövqe nümayiş etdirməsi təsadüfi görünmür. Çünki məsələ yalnız İsrailin Suriyadakı təhlükəsizlik narahatlıqları ilə məhdudlaşmır. Burada Türkiyənin regionda artan siyasi və hərbi çəkisi, Ankara ilə Vaşinqton arasında müşahidə olunan yaxınlaşma və İsrailin Suriyada qarşılaşdığı yeni geosiyasi reallıqlar da mühüm rol oynayır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib.

C.Abbaslı əlavə edib ki, xüsusilə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranmış yeni vəziyyətdə Türkiyənin çəkisi ciddi şəkildə artıb: “Ankara Dəməşqdə formalaşan yeni siyasi düzənin əsas xarici dayaqlarından birinə çevrilib. Bu reallığı ABŞ, Rusiya və İranla yanaşı, İsrail də nəzərə almağa məcburdur. Bu baxımdan Netanyahunun Türkiyəyə “açıq mesaj” göndərməsi əslində İsrailin Ankara ilə yaranan yeni regional balansdan narahatlığının göstəricisidir. Digər tərəfdən, Netanyahu üçün daxili siyasi amillər də mühümdür. İsrail cəmiyyətində Türkiyəyə və xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğana münasibətin kifayət qədər sərt olması Netanyahunun ritorikasını daxili auditoriya üçün siyasi alətə çevirə bilər. Yəni baş nazir bir tərəfdən Türkiyənin regional roluna qarşı çıxır, digər tərəfdən isə öz seçicilərinə “İsrailin təhlükəsizliyini qoruyan lider” obrazını təqdim etməyə çalışır”.

Siyasi ekspertin sözlərinə görə, Türkiyənin Suriyadakı mövqeyi artıq əvvəlki dövrlə müqayisə olunacaq səviyyədə deyil: “İsrailin Ankara ilə rəqabəti dərinləşərsə, Suriya iki ölkə arasında dolayı qarşıdurma meydanına çevrilə bilər. Ən təhlükəli ssenari isə siyasi ritorikanın hərbi insidentlərə keçməsidir. Bu səbəbdən Netanyahunun açıqlamasını sadəcə “Türkiyənin Suriyada olmasına İsrail etiraz edir” kimi qəbul etmək kifayət deyil. Burada Yaxın Şərqdə yeni güc balansının formalaşması və İsrailin bu balansda öz mövqeyini qorumaq cəhdi də görünür”.

Röya İsrafilova