Ankara və Dəməşq İsrail təhdidləri fonunda hərbi saziş bağlaya bilər Gündəm

Ankara və Dəməşq İsrail təhdidləri fonunda hərbi saziş bağlaya bilər

​İsrailin İdlibdəki Əbu-Duhur hərbi aerodromuna endirdiyi zərbədən sonra Türkiyə və Suriya hərbi sahədə əməkdaşlığa dair yeni saziş imzalaya bilər.

Xalqcebhesi.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, sənəddə həmçinin Təl-Əvivdən gələ biləcək təhdidlərə cavab protokollarının yenilənməsi təklif edilir.

​Daha əvvəl "Syria TV" telekanalı İsrail Hərbi Hava Qüvvələrinin avqustun 18-də İdlibdəki Əbu-Duhur hərbi aerodromuna hücum etdiyini bildirmişdi. ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak "I24" telekanalına açıqlamasında qeyd edib ki, bu hava zərbəsi İsrail və Türkiyə arasında birbaşa hərbi toqquşmaya qədər kəskin eskalasiyaya səbəb ola bilərdi. O, İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısının alınması üçün mexanizmin yaradılması üzərində iş getdiyini vurğulayıb.

​"Türkiye" nəşrinin yazdığına görə, Ankara İsrail tərəfindən gələn təhdidlərə qarşı qabaqlayıcı tədbir kimi birgə hərbi təlimlərin keçirilməsini, habelə Türkiyənin "AWACS" təyyarələri və qırıcılarının sərhədyanı rayonlarda fasiləsiz patrul xidməti aparmasını təklif edib. Qəzet ortamüddətli tədbirlər sırasında Suriyanın hava məkanının hərbi uçuşlar üçün bağlanmasını da qeyd edir.

​Türkiyə Suriyanın yeni hakimiyyətinə silahlı qüvvələrin yenidən təşkili, modernləşdirilməsi və hərbçilərin hazırlanmasında genişmiqyaslı dəstək göstərir. İki ölkə arasında hərbi əməkdaşlıq 2025-ci ilin avqustunda Ankarada imzalanmış memorandum əsasında həyata keçirilir.

Məryəm Quliyeva