Özbəkistanın naziri Azərbaycanın səfiri ilə görüşüb Siyasət

Özbəkistanın naziri Azərbaycanın səfiri ilə görüşüb

19 avqust tarixində Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov ilə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, tərəflər ikitərəfli ticarət və investisiya əməkdaşlığının dinamikasını nəzərdən keçiriblər. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 307,3 milyon ABŞ dolları (+14,6%), 2026-cı ilin yanvar-iyun aylarında isə 170,3 milyon ABŞ dolları (+30,8%) təşkil edib.

Ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlərin, o cümlədən əldə olunmuş razılaşmaların icrası üzrə Yol Xəritəsinin və 2030-cu ilə qədər ikitərəfli ticarət həcminin 1 milyard ABŞ dollarına çatdırılması proqramının hazırlanmasına xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin, 22 avqustda Daşkənddə keçiriləcək və iki ölkənin regionları və biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün platforma rolunu oynayacaq IV Özbəkistan-Azərbaycan Regionlararası Forumu ilə bağlı təşkilati məsələləri müzakirə ediblər.

Görüşün yekununda ikitərəfli ticarətin artırılması, investisiya layihələrinin irəlilədilməsi və regionlararası əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımlar müəyyən edilib.

Cavid