15:10
483
“Birmənalı şəkildə qeyd etmək olar ki, sadəcə sonuncu neft qiymətinin artması deyil, ümumiyyətlə, son 5 ildə neftin qiymətinin bahalaşmasının əsas səbəbi iqtisadi amillərdən daha çox geosiyasi risklər və təkliflərlə bağlı olan narahatlıqlardır. Çünki ABŞ-İran münasibətlərində, eləcə də Rusiya-Ukrayna münasibətlərində olan gərginlik bilavasitə təklifdə müəyyən problemləri yaradıb və təklifin azalması səbəbindən qiymətlər artıb. Hazırda isə ABŞ-İran münasibətlərində olan gərginlik, İrana qarşı yeni daha sərt sanksiyaların gündəmdə olması neft qiymətlərinin yüksəlməsinə təsir göstərən əsas amillərdəndir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
E.Əmirov söyləyib ki, təklifin azalması riski neft ehtiyatlarının, anbarların da boşalmasına, həmçinin ölkələrin, eyni zamanda, ayrı-ayrı investorların bu istiqamətdə daha çox tədarük etməsinə gətirib çıxarır: “Yəni risklər baxımından tələb artır, təklif isə azalır və nəticədə “Azəri Layt” markalı neftin də qiymətində artımlar baş verir. Bunun Azərbaycana təsirinə gəldikdə isə Azərbaycanda hər 10 dollar artan neft qiyməti nəticə etibarı ilə ölkəmiz üçün büdcə daxilolmalarına 400 milyon manat həcmində müsbət təsir göstərir. Bu, iqtisadi aktivliyə də təsir göstərir. Uzunmüddətli dönəmdə isə inflyasiyanın artmasına təsir göstərir ki, bu da ölkəmiz üçün arzuolunan deyil. Yəni bunun qısamüddətli və ortamüddətli dövrdə müsbət tərəfləri olsa da, uzunmüddətli dönəm ərzində yüksək neft qiymətləri o qədər də arzu olunan deyil”.
Röya İsrafilova