"Rusiya Ukraynaya mümkün qədər çox əzab verməyə çalışır" Dünya

"Rusiya Ukraynaya mümkün qədər çox əzab verməyə çalışır"

Bu, artıq sadəcə hərbi taktika məsələsi deyil. Kiyevdəki matəm günü Rusiyanın bu müharibə ərzində necə bir mənəvi və insani çöküş yaşadığını bir daha xatırladır. Döyüş meydanında Ukraynanı diz çökdürə bilməyən dövlət öz acizliyini terrorla – şəhərlərə raketlər atmaq, yaşayış binalarını, xəstəxanaları və infrastrukturu hədəf almaqla kompensasiya etməyə başlayır. O, bunu belə hərəkətlərin Rusiya üçün "qələbə"ni yaxınlaşdırdığına görə deyil, Ukraynaya təklif edəcək başqa heç nəyi qalmadığı üçün edir.

Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib.

"Məncə, bu müharibənin əsas paradoksu da məhz bundadır. Rusiyanın nəhəng resursları — raketləri, təyyarələri və ordusu — var; buna baxmayaraq, illərlə davam edən münaqişədən sonra o, gücünü deyil, əksinə, qarşıya qoyduğu məqsədə çata bilməməsini getdikcə daha çox nümayiş etdirir. Məhz buna görə də o, Ukraynaya mümkün qədər çox əzab verməyə çalışır.

Lakin terror güc əlaməti deyil. Bu, insanın öz istəyinə başqa yollarla nail ola bilmədiyinin etirafıdır. Bu gün Kiyev yas tutur. Rusiya isə dünyaya bir daha göstərir ki, imperialist təcavüz qələbənin mümkünsüzlüyü ilə üzləşdikdə və bunu qəbul etməkdən imtina etdikdə nə baş verir" - o, deyib.

Cavid