S&P: TRIPP layihəsi regional ticarət və investisiyaları dəstəkləyə bilər İqtisadiyyat

S&P: TRIPP layihəsi regional ticarət və investisiyaları dəstəkləyə bilər

TRIPP layihəsi ortamüddətli perspektivdə regional bağlantıları gücləndirə, ticarət və investisiyaları dəstəkləyə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Ermənistanla bağlı qiymətləndirməsində bildirilib.

Agentlik qeyd edir ki, TRIPP üzrə çərçivə sazişi təşəbbüsün əsas idarəetmə və suverenlik prinsiplərini müəyyən etsə də, layihənin icrası hələ ilkin mərhələdədir. Layihə sahələri, maliyyələşmə mexanizmləri və ətraflı konsessiya şərtləri hələ yekunlaşdırılmayıb.

Eyni zamanda “S&P” hesab edir ki, Azərbaycanla münasibətlərin daha da normallaşması regional tranzit və ticarəti genişləndirə bilər. Bununla belə, geosiyasi qeyri-müəyyənliyin Azərbaycanla sülh sazişinin imzalanması və icrasını gecikdirə biləcəyi vurğulanır.

Agentliyin fikrincə, Ermənistanda seçkilərin nəticələri Azərbaycanla münasibətlərin normallaşdırılmasına, həmçinin sülh sazişinin imzalanması və icrası prosesinə yeni təkan verə bilər: "Azərbaycan və Ermənistan 2025-ci ildə sülh müqaviləsinin mətnini razılaşdıraraq paraflayıb, lakin sənədin imzalanması və icrası hələ də müəyyən şərtlərdən asılıdır".

“S&P” Ermənistan üzrə “müsbət” proqnozun əsas amillərindən biri kimi də Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində davamlı irəliləyişi göstərir. Agentliyə görə, valyuta ehtiyatlarının artırılması ilə yanaşı, bu prosesdə əlavə irəliləyiş Ermənistanın tədiyə balansı və geosiyasi həssaslıqlarını zamanla azalda bilər.

Agentlik bildirir ki, Ermənistanın təhlükəsizlik və geosiyasi risklər qarşısında tədiyə balansının dayanıqlılığı qorunarsa, ölkənin reytinqi yüksəldilə bilər. Azərbaycanla münasibətlərin daha da normallaşması da mümkün müsbət reytinq qərarını dəstəkləyən amillərdən biri kimi göstərilir.

Bununla yanaşı, “S&P” sülh sazişinin rəsmi imzalanması və icrası yolunda qeyri-müəyyənliyin qaldığını bildirir. Əsas həll olunmamış məsələlər sırasında sərhədlərin delimitasiyası və təhlükəsizlik mexanizmləri qeyd olunur.