ABŞ İrandakı vəziyyətə görə Koreya Respublikası ilə təlimləri ləğv edib Dünya

ABŞ İrandakı vəziyyətə görə Koreya Respublikası ilə təlimləri ləğv edib

ABŞ Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Koreya Respublikası ilə birgə keçirilən "Ssangyong" dəniz desantının çıxarılması təlimlərini ləğv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinq zamanı Koreya Respublikası Dəniz Piyadaları Korpusunun nümayəndəsi Xan Sın Çjon bildirib.

""Ssangyong" təlimlərinə gəlincə, ABŞ Dəniz Piyadaları Korpusu iyun ayında Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla "Ssangyong" təlimlərinin keçirildiyi müddətdə silahlı qüvvələrin tətbiqi ilə bağlı məhdudiyyətlərin olduğunu bizə rəsmən bildirdi", – deyə Koreya Respublikası Dəniz Piyadaları Korpusunun ictimaiyyətlə əlaqələr idarəsinin direktoru bəyan edib.

"Bu il təlimlərin keçirilmə müddəti ilə bağlı müəyyən çətinliklər olsa da, təlimlərin gələcəkdə bərpası məsələsi üzrə ABŞ Dəniz Piyadaları Korpusu ilə məsləhətləşmələri davam etdiririk", – deyə Xan Sın Çjon əlavə edib.

Dəniz piyadalarının bu manevrləri diviziya səviyyəsində iki ildə bir dəfə keçirilir və sentyabr ayına planlaşdırılmışdı. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Koreya Respublikası ilə birgə keçirilən "Ulchi Freedom Shield" ikitərəfli təlimlərinin miqyasını azaltmaq barədə sərəncam verib. Həmin təlimlər nəzərdə tutulandan altı gün əvvəl — avqustun 21-də başa çatıb.

Eyni zamanda, "JTBC" telekanalı qeyd edir ki, Koreya Respublikasına bu barədə hələ iyun ayında xəbərdarlıq edildiyi üçün qərarın Şimali Koreya ilə dialoq qurmaq cəhdi ilə bağlı olması inandırıcı görünmür. Avqustun 16-da Tramp Şimali Koreya lideri Kim Çen Inla "yaxşı münasibətlərini" xatırladaraq manevrlərin Pxenyan üçün "uyğunsuz və düşmən siqnalı" verdiyini bildirmişdi.

"JTBC" telekanalı xəbər verir ki, Koreya Respublikası "Ssangyong" manevrlərini müstəqil şəkildə keçirməyi planlaşdırır.

Məryəm Quliyeva