Yeni Zelandiyada 16 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edilə bilər Gündəm

Yeni Zelandiyada 16 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edilə bilər

Yeni Zelandiyanın hakim Milli Partiyası parlamentin müzakirəsinə 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin baş naziri Kristofer Lakson elan edib.

"Sosial şəbəkələr onları zərərli informasiyaya, asılılıq yaradan texnologiyalara və qarşı dözə bilmədikləri təzyiqlərə məruz qoyur. Bu da onların ailə ilə münasibətlərinə, psixi sağlamlığına, yuxusuna və təhsilinə mənfi təsir göstərir", – deyə "The Guardian" baş nazirin sözlərini sitat gətirib.

Qanun layihəsinə əsasən, sosial şəbəkələr istifadəçilərin yaşını doğrulamaq üçün "ağlabatan tədbirlər görməlidir". Yoxlama "profil məlumatları, üz quruluşuna görə yaşın təyini, şəxsiyyəti təsdiq edən sənəd və ya rəqəmsal ID" vasitəsilə həyata keçirilə bilər.

Sənəd, sosial şəbəkənin istifadəçilərin yaşının doğrulanmasının öhdəsindən gəlmədiyi təqdirdə, şirkətin mənfəətinin 10%-nə qədər məbləğdə cərimə tətbiq olunmasını nəzərdə tutur.

Qadağanın "Instagram", "Facebook", "Snapchat", "TikTok" kimi sosial şəbəkələrə şamil ediləcəyi gözlənilir. Qadağa messencerlərə (xüsusilə "WhatsApp"), onlayn oyun platformalarına (xüsusilə "Roblox") və "ChatGPT", "Gemini", "Copilot" kimi süni intellekt tətbiqlərinə şamil olunmur.

Baş nazir qeyd edib ki, 2025-ci ilin araşdırmasına əsasən, Yeni Zelandiya yeniyetmələrinin üçdə biri sosial şəbəkələrdə gündə azı beş saat vaxt keçirir.

Bununla belə, parlamentin təklif olunan məhdudiyyətləri təsdiqləyəcəyinə hələlik zəmanət yoxdur. Baş nazirin partiyası ilə koalisiyada olan "Istehlakçılar və Vergiödəyiciləri Assosiasiyası" və "Öncə Yeni Zelandiya" partiyaları qanun layihəsinin əleyhinə səs vermək niyyətində olduqlarını bildiriblər.

2024-cü ildən ölkədə bütün şagirdlər üçün məktəbdə mobil telefondan istifadəyə qadağa qüvvədədir.

Məryəm Quliyeva