“Gərginlik davam edərsə, neft qiymətlərinin yüksək qalması ehtimalı çoxdur” İqtisadiyyat

“Gərginlik davam edərsə, neft qiymətlərinin yüksək qalması ehtimalı çoxdur”

“Ötən həftə ərzində ABŞ və İran arasında gərginləşmənin artması fonunda neft qiymətlərində müsbət dinamika qeydə alınıb. WTI markalı neft üzrə fyuçers qiymətləri həftə ərzində 5,5% artaraq 87 ABŞ dollarına çatıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Elçin Məmmədov söyləyib.

E.Məmmədov əlavə edib ki, neft qiymətlərinin bu ilin fevral ayından başlayaraq yüksəlməsi və həmin vaxtdan bəri nisbətən yüksək səviyyədə qalması neft ixracatçıları, o cümlədən Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərməlidir: “Lakin, fikrimcə, bu qiymət artımı struktur amillər nəticəsində deyil, ABŞ və İran arasında gedən müharibə ilə əlaqələdir. Gərginlik davam edərsə, neft qiymətlərinin yüksək səviyyədə qalması ehtimalı çoxdur, lakin bu iki ölkə arasında davamlı sülh anlaşması əldə olunarsa, neft qiymətlərinin əvvəlki vəziyyətə, yəni bir barrel üçün 60-70 ABŞ dolları səviyyəsinə qayıtması gözlənilir”.

Röya İsrafilova