
İran parlamentinin rəsmi xəbər agentliyinin rəhbəri Mehdi Rahimi bildirib ki, Tehran Məkkə Sazişinə qoşulmaq üçün dəvət alıb və məsələ hökumət tərəfindən nəzərdən keçirilir.
Politoloq Çingiz Şahbazi xalqcebhesi.az-a deyib ki, amma, burda bir diqqətçəkən məqam var. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfi, hələ ki bu məlumatı rəsmi şəkildə təsdiqləməyiblər. Əgər məlumat təsdiqlənərsə, bu son iki həftədə Yaxın Şərqdə baş verən ən maraqlı geosiyasi dönüş olaraq qeyd etmək olar. Çünki, avqustun 7-də imzalanan sazişin əsas funksiyası, üç ölkədən birinə silahlı hücum, digər ikisinə də hücum hesab edilməsi ilə bağlıdır. Əgər İran tərəfinin məlumatı təsdiqlənərsə, saziş ətrafında baş verən fikirlərin mahiyyəti kökündən dəyişəcək və hesab edirəm ki, İranın da regional təhlükəsizlik sisteminə daxil edilməsi, Məkkə Sazişinin İrana qarşı olmadığını təsdiqləyəcək, necə ki, Türkiyə dərhal bildirmişdir ki, saziş İrana qarşı yönəlməyib:
"Belə olan halda İranın da sistemə daxil edilməsi" İrana qarşı ittifaq" iddialarını dağıtmış olacaq. Digər tərəfdən Səudiyyə Ərəbistanı son illərdə İranla münasibətlərin normallaşmasına çalışır və Ər Riyadın Türkiyə və Pakistanla hərbi təhlükəsizlik mexanizmi qurması və eyni zamanda İranın da bu mexanizmə daxil olması barədə məlumatın ortaya çıxması, tamamilə yeni regional təhlükəsizlik modelinin konturlarını göstərir və bu potensial olaraq daha sonra başqa regional dövlətlərin də üzvlüyü məsələsi ilə davam edə bilər".
O, qeyd edib ki, artıq prosesə, "Yaxın Şərq İttifaqı" kimi baxanlar da var. Doğrudur, Məkkə Sazişinin NATO qədər analoqu olmasa da, əsas məqsəd kəşfiyyat mübadiləsi, müdafiə sənayesi, strateji çəkindirmə və regional əməkdaşlıqdır:
"Çünki söhbət təkcə hərbi blokdan getmir, ABŞ-ın Yaxın Şərqdə qurduğu təhlükəsizlik arxitekturasından daha müstəqil və daha təhlükəsiz arxitekturadan gedir və bunun üzərində "Yaxın Şərq İttifaqı" qurulur, desək yanılmarıq. Maraqlıdır, Trampın sazişi dəstəklədiyi vurğulanır və İranın bu sazişə qoşulması təqdirdə ABŞ-ın sazişə münasibəti də dəyişəcəkmi?
Əslində prezident Trampın Məkkə Sazişi ilə bağlı verdiyi dəstəyi səmimi qəbul etmək mümkün deyil. Çünki, ABŞ-nin təhlükəsizlik çətiri altından çıxaraq müəyyən qədər müstəqil regional hərbi mexanizmin yaranmasını ABŞ niyə dəstəkləsin ki? Digər tərəfdən isə ABŞ artıq məsuliyyəti region ölkələrinin uzərinə qoyur və bununla da dünyanın təhlükəsizlik sisteminə dəyişiklik İranın sazişə qoşulması təqdirdə Məkkə Sazişi ətrafında həmçinin sünni hərbi təşkilatı kimi qiymətləndirmələrə aydınlıq gələcək və hesab edirəm ki, bu həmçinin İranın diplomatik uğurudur.
Əslində İran rəsmisinin ritorikasında yer alan "ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək əvəzinə, onları təhdid edir" cumləsi təsadüfü deyil. Bu fraza müəyyən qədər Məkkə Sazişinin məntiqi ilə üst-üstə düşür və belə olan halda tamamilə fərqli motivlərdən çıxış edən aktyorlar eyni regional təhlükəsizlik modelinin ətrafında yaxınlaşmağa başlayırlar.
Bu baxımdan məlumat öz təsdiqini taparsa, bunu Yaxın Şərqdə ən böyük hadisə olaraq qiymətləndirmək olar və bu bir dönüş nöqtəsi ola bilər".
Cavid