
23 avqust, 2026. Saat 06:00. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini işıqlandırmaq üçün Daşkəndə gedirik. Səfər proqramı sıxdır, bir-birini əvəz edən görüşlər, mərasimlər, sənədlərin imzalanması, prezidentlərin bəyanatları və jurnalistlər üçün saniyə-saniyə izlənilən protokol hadisələri var.
...Təyyarəmiz Daşkəndə enməyə başlayır, pəncərədən baxıram, ilk diqqət çəkən yaşıllıqdır. Özbəkistan paytaxtı səhərin sakitliyində yaşıl dəniz kimi görünür. Təyyarədən enirik və bizi Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilmiş hava limanı qarşılayır.
Daşkənd Prezident İlham Əliyevin dövlət səfərinə hazırlaşıb. Küçələrdə Azərbaycan və Özbəkistan bayraqları dalğalanır, iki ölkənin prezidentlərinin – İlham Əliyev və Şavkat Mirziyoyevin fotoları şəhərin müxtəlif yerlərində diqqət çəkir. Bu, protokol hazırlığından daha çox, səfərin ictimai məkanlara da daşınmış görüntüsüdür. İlk dəqiqələrdən hiss olunur ki, adi bir dövlət səfəri izləməyəcəyik.

Ünsiyyət baryeri olmayan, bir-birinin uğurlarına sevinən xalqlar
Biz Kuksaraya – Özbəkistan Prezidentinin dövlət iqamətgahına doğru hərəkət edirik.
İsti olsa da, Daşkəndin yaşıllığı şəhərdə nəfəs almağa imkan verir. Temperatur yüksəkdir, amma ağacların kölgəsi, geniş yaşıllıq zolaqları və səliqəli küçələr şəhərin istisini bir qədər unutdurur. Kuksarayda da ilk diqqət çəkən məhz yaşıllıqdır. Bura Özbəkistan Prezidentinin rəsmi iqamətgahlarından biridir və dövlət səviyyəli ən mühüm görüşlərə ev sahibliyi edir. Elə Azərbaycan və Özbəkistan prezidentlərinin Ali Dövlətlərarası Şurasının üçüncü iclası da məhz burada keçiriləcək.
İqamətgahın ərazisinə daxil olduqdan sonra hər şeyin ən xırda detalına qədər hesablandığını görmək mümkündür. Yaşıllıqlar, səliqəli yollar, təhlükəsizlik tədbirləri, protokol əməkdaşlarının hərəkəti...
Yoxlama prosedurlarından keçirik. Özbək protokulunun jurnalistlərlə davranışı nəzakətli və diqqətlidir. Bir qədər sonra artıq özbəkistanlı həmkarlarımızla qarşılaşırıq. Maraqlı mənzərə yaranır: onlar özbək dilində danışır, biz Azərbaycan dilində cavab veririk, amma bir-birimizi başa düşürük.
Həmkarlarım arasında Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə sual verən özbək jurnalist Cahongir Alimovu görürəm. Söhbət Qarabağdan, Şuşadan düşür. Cahongir Şuşadan elə ürəkdolusu danışır ki, insanın ürəyi fərəhlə dolur. Onun Azərbaycana, Qarabağa olan marağı iki ölkə arasında münasibətlərin yalnız dövlət başçıları səviyyəsində deyil, cəmiyyətlər arasında da necə dərinləşdiyini göstərir.

Səmimi dostluğun təzahürləri
Vaxta az qalır.
Prezidentin rəsmi qarşılanma mərasiminə hazırlıq gedir. Kənardan müşahidə edirik. Burada hər detalın öz əhəmiyyəti var. Xalçanın üzərində qalan ən xırda xətt belə düzəldilir, hər şeyin səliqəli görünməsinə xüsusi diqqət yetirilir. Fəxri qarovul son hazırlıqlarını tamamlayır.
Və budur, nümayəndə heyətləri görünür.
Deməli, prezidentlər artıq buradadır.
Prezidentlərin qarşılanması ilə jurnalistlər üçün də əsas iş başlayır. Kameralar işə düşür, fotoaparatların səsləri eşidilir, telefonlarda ilk materiallar hazırlanır.
İki lider arasındakı isti münasibət nümayəndə heyətlərinin davranışında da hiss olunur. Sanki rəsmi protokolun sərt çərçivələri arxasında illərdir formalaşan dostluğun daha səmimi tərəfləri görünür.
Bir qədər əvvəl jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Azərbaycan və özbək dillərinin yaratdığı bu yaxınlığa diqqət çəkmişdi: iki xalq bir-birinin dilini müəyyən qədər anlayır, danışır. Daha çox ünsiyyət və daha sıx praktika isə bu yaxınlığı daha da gücləndirə bilər.

Növbəti tarixi hadisə
Daşkənddə Prezident İlham Əliyevin səfərini ikinci dəfə işıqlandırıram.
Ötən ilin noyabrında da burada idim. Həmin səfərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə “C5+1” formatına qoşulmasını Azərbaycan mediasında ilk yazan jurnalistlərdən biri olmuşdum. Bu dəfə isə yenə tarixi hadisənin şahidiyik.
Azərbaycan və Özbəkistan münasibətlərində yeni mərhələni rəsmiləşdirən sənədlər imzalanır. Onların arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” xüsusi yer tutur. Sənəddə iki dövlətin münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirməsi təsbit olunur. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək fəaliyyətlərə yol verməməyi də öhdələrinə götürürlər.
Bu, diplomatiya tariximizdə ayrıca əhəmiyyət daşıyan hadisədir: Azərbaycan ilk dəfə başqa bir dövlətlə münasibətlərini “əbədi dostluq” anlayışı ilə hüquqi sənəddə rəsmiləşdirir.

Azərbaycan və Özbəkistanın ikitərəfli münasibətlərdə yeni gündəliyi
Günün tədbirləri bununla bitmir.
Prezidentlər Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasını keçirirlər. Bu mexanizm artıq iki ölkə arasındakı münasibətlərin institusional dayaqlarından birinə çevrilib. İclasda strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, yeni layihələr və ikitərəfli gündəliyin müxtəlif istiqamətləri müzakirə olunur.
İclasın sonunda Şuranın üçüncü iclasının Qərarı da imzalanır. Qərarda əbədi dostluq və müttəfiqlik haqqında sənədlərin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi əsas yaratdığı vurğulanır.
İki liderin qarşılıqlı ehtiramı və yüksək dövlət təltifləri
Günün ən yaddaqalan məqamlarından biri də prezidentlərin bir-birinin ünvanına səsləndirdiyi səmimi fikirlər və qarşılıqlı təltifetmə mərasimi oldu.
Ali Dövlətlərarası Şuranın üçüncü iclasında və mətbuat konfransında Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistanın inkişafında, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində və Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatmasında xüsusi rolunu vurğuladı. Özbəkistan lideri isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını tarixi nailiyyət kimi qiymətləndirdi, Qarabağın dirçəlişini xüsusi qeyd etdi. Səmimi münasibətlərin daha bir rəmzi isə prezidentlərin qarşılıqlı təltifetməsi oldu. Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini təqdim edərək onun iki xalq arasında dostluq və əməkdaşlığın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev isə Şavkat Mirziyoyevə Azərbaycanın ən ali dövlət təltifi olan “Heydər Əliyev Ordeni”ni təqdim etdi. Bu sözlər və təltiflər iki lider arasında şəxsi dostluğun, qarşılıqlı etimadın və Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterinin daha bir ifadəsi kimi yadda qaldı.

Dostlarımızın Azərbaycana növbəti səfər arzusu
Sözsüz ki, bu tarixi səfərdə jurnalistlər də hər bir tədbirdən sonra xəbərləri mümkün qədər tez göndərmək yarışındadır.
Burada zaman anlayışı bir qədər fərqlidir. Bir tədbir başa çatmamış digəri başlayır. Bir tərəfdən kamera çəkilişi, digər tərəfdən foto, sosial şəbəkə paylaşımı, xəbər mətni, canlı bağlantı...

Daşkənddə diqqət çəkən başqa bir məqam da küçələrdə, tədbir məkanlarında və qarşılaşdığımız insanlarda Azərbaycana münasibətdir. Özbək həmkarlarımız Azərbaycandan sevgi ilə danışırlar. Kimisi Bakıya səfərindən, kimisi Şuşadan, kimisi Qarabağdan danışır. Demək olar, hər söhbətin sonunda eyni arzu səslənir: Azərbaycana yenidən getmək.
Bəlkə də iki ölkə arasındakı münasibətlərin ən səmimi göstəricilərindən biri elə budur.
Dövlət başçıları sənədlər imzalayır, hökumətlər yeni layihələr üzərində işləyir, jurnalistlər bunları dünyaya çatdırır. Amma bütün bunların arxasında iki xalqın bir-birinə olan münasibəti dayanır. Bu münasibətin rəmzləri isə artıq təkcə sənədlərdə deyil.
Bakıda “Özbəkistan” parkının, Yeni Daşkənddə isə “Azərbaycan” parkının yaradılması iki xalqın tarixi və mədəni yaxınlığının yeni simvollarına çevrilir. Azərbaycan parkının təməli də məhz bu səfər çərçivəsində qoyuldu.

Buxara bizi gözləyir...
Gün yekunlaşır.
Daşkəndə səhərin ilk işığında gəlmişdik. İndi isə şəhər başqa görkəmdədir. Gün ərzində çəkilən yüzlərlə kadr, yazılan onlarla xəbər, göndərilən materiallar, keçirilən görüşlər artıq bir günün xatirəsinə çevrilir.
Amma səfərin özü hələ bitmir.
Buxara bizi gözləyir...