“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib İqtisadiyyat

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş konfransda aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Bakı Biznes Mərkəzinin foyesində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və Sənaye şöbələrinin, Sahibkarlığa Kömək Milli Fondunun, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, sənaye parklarının və məhəllələrinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, "Təmiz Şəhər" ASC-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının sahibkarlığın inkişafı və dəstəklənməsi sahəsində gördüyü işlərə dair stendlər quraşdırılıb, maarifləndirici materiallar yerləşdirilib. Müvafiq qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə konfrans iştirakçılarına ətraflı məlumat verib, KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir və bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün "Lisenziyalar və icazələr" portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84%-i, məşğulluqda isə 75%-i ötüb, 90 mindən çox müəssisə yaradılıb.
Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək olan dövrdə 69-cu yerdən 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyə kimi MDB-də liderliyini qoruyub saxlayır. "Doing Business 2018" hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib və 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.
İqtisadiyyat naziri qeyd edib ki, qeyri-neft sektorunda istehsal və ixrac potensialının artırılması məqsədilə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Mingəçevir, Pirallahı və Milli Elmlər Akademiyasının yüksək texnologiya parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb, tikintisi tamamlanmış sənaye zonalarında müasir standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. 2,5 milyard manatlıq investisiya qoyuluşunu nəzərdə tutan 271 layihə üçün İnvestisiya Təşviqi Sənədi verilib. Artıq bu layihələrin 130-u üzrə müəssisələr fəaliyyətə başlayıb. Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında 1-ci mərhələ üzrə işlər başa çatıb. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi gözlənilir. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2018-ci ildə isə qaytarılmış kreditlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmləri xüsusi əhəmiyyət kəsb edir və indiyədək xarici ölkələrə 13 ixrac missiyası təşkil olunub, sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib, ölkəmiz 11 beynəlxalq sərgidə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunub. Sahibkarlardan bazar araşdırmalarının aparılması üçün 50-yə yaxın sifariş daxil olub və artıq 12 bazar araşdırması aparılıb. Belarusda Azərbaycan Ticarət Evi artıq 1 ildən çoxdur ki, sahibkarların istifadəsindədir. Latviya və Ukraynada da Azərbaycan ticarət evlərinin yaradılması işləri yekunlaşmaq üzrədir. Çin, Rusiya, BƏƏ və Polşada Azərbaycanın ticarət nümayəndələri təyin edilib. Dövlət-özəl əməkdaşlığının genişləndirilməsi üçün 15 istehsalçılar və ixracatçılar assosiasiyası, İxracatçılar Klubu yaradılıb. Yerli istehsalının potensialının yüksəldilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft ixracı 2017-ci ildə 24,4%, 2018-ci ilin I rübündə isə 35%-ə yaxın artıb. Eyni zamanda Azərbaycanın tranzit potensialının yüksəldilməsi məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi istifadəyə verilib ki, bu da sahibkarlar üçün geniş imkanlar açır, özəl bölmənin fəaliyyətini stimullaşdırır. İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə dövlət başçısına bir daha minnətdarlığını bildirib, iş adamlarını "Sahibkarlar Günü" münasibətilə təbrik edib. Sonra sahibkarlığın inkişafına həsr olunmuş "Dayanıqlı inkişaf. Güclü sahibkarlıq" filmi nümayiş olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.
Sahibkarlarla bağlı xüsusi günün qeyd edilməsinin ölkədə biznes mühitinə, özəl sektora verilən böyük önəmin göstəricisi olduğunu bildirən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər barədə danışıb. Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, aqrar sahəin inkişafında sahibkarlığın rolundan bəhs edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirdəki çıxışında dövlət başçısının rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlar, həyata keçirilən tədbirlərin iqtisadiyyatın və ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, gömrük işinin daha səmərəli təşkili istiqamətində həyata keçirilən innovativ tədbirlər barədə məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, dövlət başçısı tərəfindən "Sahibkarlar Günü"nün qeyd edilməsi ilə bağlı Sərəncamı özəl bölməyə ölkə iqtisadiyyatında əsas prioritet istiqamətlərdən biri kimi böyük önəm verildiyinin daha bir nümunəsidir. Səttar Mehbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, dövlət başçısının özəl bölmənin inkişafına göstərdiyi dəstək sahibkarların daha yaxşı işləməsində, ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun artırılmasında önəmlidir. Azərbaycanın biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahat aparan ölkələrdən olduğunu diqqətə çatdıran Məmməd Musayev qüdrətli və müasir Azərbaycanın davamlı inkişafı üçün sahibkarların da çox işlər görməli olduğunu qeyd edib və bu sahədə Konfederasiyasının görəcəyi işlər barədə məlumat verib.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda – "Kiçik və Orta Sahibkarlıq Evi"ndə birləşdirəcəyini qeyd edib.
Sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub. Konfransda çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymət üçün dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Konfransın sonunda Azərbaycan Prezidentinə konfrans iştirakçıları adından müraciət qəbul olunub.