V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb İqtisadiyyat

V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb

Forumun ikinci günü əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib

Dünən Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işini davam etdirib.
"APA-Economics"in məlumatına görə, forumun ikinci günü kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib.
Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyi turizm sahəsində yeni əməkdaşlıq imkanları üzrə dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Kənd təsərrüfatı üzrə keçirilən dəyirmi masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilib. Dəyirmi masada müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin, institut və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan tərəfindən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfindən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə dəyirmi masada Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbirdə həmçinin, hər iki ölkənin bankları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Sahibkarlıq sahəsində əməkdaşlığa dair dəyirmi masada hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilib, AZPROMO tərəfindən Azərbaycanda biznes və investisiya imkanlarına dair məlumat verilib, Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının funksiya və xidmətlər sistemi haqqında videoçarx nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilib. Günün ikinci yarısında isə Azərbaycan və Rusiya arasında bir sıra sənədlərin imzalanıb.
Rusiyanın regionların inkişafı naziri İqor Slyunayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya Regionlararası Forumu həm Azərbaycan, həm də Rusiya sahibkarları üçün çox əlverişlidir: "Forum çərçivəsində 10-dan artıq razılaşma əldə olunub".
Nazir deyib ki, iki ölkə arasında əsas olan ünsiyyətdir: "Çünki, ünsiyyətlər nəticəsində müxtəlif konkret layihələr yaranır. Azərbaycan və Rusiya üçün işləmək çox asandır. Çünki bizim yaxın mentalitetmiz var. Biz qardaş millətlərik. Buna görə də, bütün əlaqələrimiz uğurla nəticələnməlidir. Bu gün Rusiyada xeyli sayda azərbaycanlı iş adamları çalışır. Bundan başqa Rusiyaya müxtəlif layihələrlə bağlı investisiyalar yatırmaq niyyətindədir. Onlar sənaye məhsulları, kənd təsərrüfatı, ticarət və daşınmaz əmlak sahəsinə maraq göstərir. Azərbaycanla Rusiya arasında bu gün 3,5 mlrd. dollar olan ticarət dövriyyəsi ilbəil artır. Yaxın zamanda bizim sahibkarların və dövlət qurumlarının aktivliyi sahəsində daha da artacaq".
Qeyd edək ki, bu gün İ. Slyunyayev Rusiyada layihələr həyata keçirən Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə İ. Slyunyayev azərbaycanlı sahibkarların həyata keçirdikləri layihələrin icrası ilə maraqlanıb, iş adamlarının təkliflərini dinləyib. Görüşdə həmçinin, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.