Naxçıvanda 40 minə yaxın yeni iş yeri açılıb İqtisadiyyat

Naxçıvanda 40 minə yaxın yeni iş yeri açılıb

Ümumi daxili məhsul istehsalı Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin yanvar-iyun aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artaraq 1 milyard 246 milyon 624 min 700 manata, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 3,4 dəfə artaraq 2748,3 manata çatıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə sənaye məhsulu 6,6, əsas kapitala yönəldilən vəsaitlər 4,8, kənd təsərrüfatı məhsulu 2,8, nəqliyyat sektorunda yük daşınması 1,9, informasiya və rabitə xidmətləri 2,3, ixrac 17,5, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 1,9 dəfə artıb.
Muxtar respublikada əldə olunmuş sosial-iqtisadi inkişaf demoqrafik proseslərə də müsbət təsir göstərib, 1 yanvar 2008-ci illə müqayisədə 1 iyul 2018-ci il tarixə əhalinin sayı 16 faiz artaraq 454,3 min nəfər olub. Artan əhalinin məşğulluğunun təmin olunması, əmək bazarının tələbinə uyğun peşə hazırlığına yiyələnməsi və ixtisaslı kadr potensialının yaradılması məqsədilə təkcə 2018-ci ilin ilk altı ayında Naxçıvan Regional Peşə Tədris Mərkəzində aşpaz köməkçisi, xalçaçı, bərbər, dayə, bərbər-manikürçü, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, traktorçu-maşinist peşələri üzrə 108 nəfər, Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 20 nəfər ağac və duz üzərində oyma peşələri üzrə kurslara cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1296 nəfər müxtəlif peşələrə yiyələnib.
İqtisadiyyatın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 1 iyul 2008-ci il tarixdən cari ilin müvafiq dövrünədək muxtar respublikada 39 min 319 yeni iş yeri açılıb ki, bunun da 88,8 faizi daimi iş yerləridir. Son on ildə muxtar respublikada açılmış 34 min 933 daimi iş yerinin 1499-u yeni yaradılmış, 11 min 404-ü mövcud, 46-sı isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 984-ü fiziki şəxslərdə yaradılıb. Açılmış ümumi yeni iş yerlərinin 46,5 faizi Naxçıvan şəhərinin, 15,3 faizi Şərur, 11,9 faizi Babək, 6,7 faizi Ordubad, 8,5 faizi Culfa, 4,1 faizi Kəngərli, 4,5 faizi Şahbuz, 2,5 faizi isə Sədərək rayonlarının payına düşüb. Təkcə 2018-ci ilin birinci yarımilində muxtar respublikada 1364 yeni iş yeri yaradılıb ki, bunun da 98,3 faizi daimi iş yerləridir.
Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, 2018-ci ilin birinci yarımilində məşğul əhalinin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 236,4 min nəfərə çatıb. 2018-ci ilin iyun ayının sonuna muxtar respublikada muzdla işləyənlərin sayı 96 min nəfər təşkil edib, işçilərin 40,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 55,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı şərait yaradıb, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 2018-ci ilin ilk yarımilində 426 manatı ötüb. Orta aylıq əməkhaqqı dövlət sektorunda 346,8 manat, qeyri-dövlət sektorunda isə 484,3 manat təşkil edib. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.