“Azərbaycanda bu il 5,2 faiz iqtisadi artım olacaq” İqtisadiyyat

“Azərbaycanda bu il 5,2 faiz iqtisadi artım olacaq”

Əli Məsimli: "Ölkəmizdə iqtisadi artım yalnız Çinin artım tempindən geri qalacaq"

"Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı (DTT) və digər mötəbər beynəlxalq qurumların son hesabat və proqnozları göstərir ki, bəzi tendensiyalar istisna olmaqla, dünya iqtisadiyyatı 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranının təsirindən qurtulur."
Bunu "SalamNews"a Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib.
Onun sözlərinə görə, əgər 2012-2013-cü illərdə dünya iqtisadiyyatının orta illik artım tempi 2,5 faiz idisə, bunun 2014-cü ildə 3,2 faiz, 2015-ci ildə 3,4 faiz, 2016-cı ildə isə 3,5 faiz səviyyəsində artması gözlənilir: "Amma bu artımda əsas rolu inkişaf etməkdə olan ölkələr oynayacaq. Belə ki, bu il inkişaf etmiş ölkələrdə cəmi 2,2 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 5,3 faiz, yəni inkişaf etmiş ölkələrdəkindən 2,4 dəfə yüksək artım gözlənilir. Bu il Çində 7,3 faiz səviyyəsində yüksək artım olacaq. MDB ölkələrində isə orta illik artım sürəti inkişaf etmiş ölkələrdəki kimi, yəni 2,2 faiz gözlənilir."
Ukraynada 5 faizə qədər enmənin müşahidə olunacağını deyən Ə.Məsimli söyləyib ki, Rusiyada iqtisadi artım 0,5-1 faiz arasında olacaq. Bəzi proqnozlara görə, ümumiyyətlə, artım olmayacaq".
Deputat Dünya Bankının Azərbaycanla bağlı proqnozlarını açıqlayıb: "Bu proqnozlara görə, 2014-cü ildə Azərbaycanda 5,2 faiz artım olacaq. Bu Azərbaycan hökumətinin rəsmi proqnozları ilə üst-üstə düşür. Deməli, bu il Azərbaycanda iqtisadi artım dünyanın ortra artım sürətini 1,6 dəfə, MDB-nin orta artım tempini 2,4 dəfə üstələyəcək və inkişaf etməkdə olan ölkələrin orta illik artım sürətinə yaxın olacaq. Bu artım yalnız Çinin artım tempindən geri qalacaq".