Hesablama Palatasında büdcə təşkilatlarının əməkdaşları üçün seminar İqtisadiyyat

Hesablama Palatasında büdcə təşkilatlarının əməkdaşları üçün seminar

Yanvarın 16-17-də Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən "Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsinin icrası çərçivəsində ayrı-ayrı büdcə təşkilatlarında maliyyə idarəetməsi sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün silsilə seminarlar keçirilib.
Palatanın mətbuat xidmətindən bildiriblər ki, layihə üzrə Hesablama Palatasının əsas tərəfdaşları – audit olunan qurumlar, parlamentin müxtəlif komitələri, media və digər maraqlı tərəflər ilə münasibətləri nəzərdə tutan komponenti əhatə edən seminarların əsas mövzusu "Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları" olub.
İkigünlük seminarda müasir dünyada Ali Audit Qurumun əsas rolu və vəzifələri, Hesablama Palatasının əsas fəaliyyət sahələri, eyni zamanda, palatanın Azərbaycandakı dövlət təşkilatlarındakı mövqeyi, əsas vəzifə və öhdəlikləri, qurumun audit fəaliyyəti ilə bağlı seçilmiş məsələlər müzakirə olunub.
Tvinninq layihəsinin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsidir. Bu layihə həm də hər iki qurumun qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə təkan verəcək.
Sadalanan istiqamətlər üzrə ötən dövrdə bir sıra müvafiq tədbirlər həyata keçirilib. Bunlar əsasən müxtəlif audit növləri üzrə təlimləri, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin təhlili və beynəlxalq standartların tələbləri ilə müqayisəni, Polşa Ali Audit Qurumunun təcrübəsinin real iş şəraitində öyrənilməsi məqsədilə təlim səfərlərini və digərlərini əhatə edib. 2019-cu ilin sonunda başa çatacaq layihə üzrə növbəti tədbirlər pilot maliyyə və səmərəlilik auditlərinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi və bu fəaliyyətlərdən əldə edilmiş nəticələr əsasında daxili təlimat, tövsiyə sənədlərinin təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.