Tural
İqtisadiyyat və Sənaye Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış Azərbaycanın ilk elektron ticarət portalı - www.b2b.az saytı da belə layihələrdəndir. Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir. Almaniyanın GİZ təşkilatının dəstəyi ilə yaradılmış portal "business to business" modeli əsasında qurulmuşdur. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.
2014-cü ilin 6 ayı ərzində elektron ticarət portalının xidmətlərindən 10000-dən çox istifadəçi yararlanmışdır. Portala müraciət edənlərin 1800-dən çoxu Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Almaniya, Böyük Britaniya, Hindistan, İndoneziya, Braziliya, İtaliya, Qazaxıstan, Estoniya, Gürcüstan, Danimarka, Yunanıstan, Latviya, Fransa, BƏƏ və digər ölkələrdən olan istifadəçilərdir. Ümumilikdə isə, istifadəyə verildiyi 2008-ci ildən indiyədək www.b2b.az portalının xidmətlərindən 36 mindən çox istifadəçi yararlanmışdır.