SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub İqtisadiyyat

SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub

Dekabrın 3-də “SOCAR Tower”də şirkətin neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezidenti Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İsgəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilib.
SOCAR-dan ARDNF-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev R.Qurbanovun Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görüldüyünu və bunun uzun illər neft sənayesində çalışmış təcrübəli neftçinin əməyinin yüksək qiymətləndirilməsindən xəbər verdiyini deyib. R.Qurbanovla birgə çalışdığı illərdə onu daim öz sənətinə sədaqətli bir mühəndis, son dərəcə məsuliyyətli bir rəhbər işçi kimi tanıdığını qeyd edən SOCAR-ın prezidenti bütün neftçilər ailəsi adından ona dərin təşəkkürünü bildirib və gələcək həyatında uğurlar arzulayıb. Sonra SOCAR-ın prezidenti yeni təyin olunmuş vitse-prezident D.İsgəndərovu kollektivə təqdim edib.
R.Abdullayev SOCAR-ın qarşısında yaxın perspektivdə duran yeni vəzifələr, maliyyə və əməliyyat dayanıqlılığının təmin edilməsi zərurətindən bəhs edib, TANAP kimi uğurlu layihənin reallaşmasında əldə edilən müvəffəqiyyətlərin davamlı olması üçün bütün güc və resursların səfərbər olunmasının zərurətini vurğulayıb.
R.Qurbanov çıxış edərək Prezident İlham Əliyevə onun əməyinə verdiyi yüksək dəyərə görə minnətdarlığını bildirib. O, eyni zamanda, SOCAR-ın rəhbərliyinə və yeni təyin olunmuş vitse-prezident D.İsgəndərova işlərində nailiyyətlər arzulayıb.