2015-ci ilin büdcəsi Nazirlər Kabinetinə göndərildi İqtisadiyyat

2015-ci ilin büdcəsi Nazirlər Kabinetinə göndərildi

Samir Şərifov: "Qeyri-neft sektorunun inkişafına nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələrdən olacaq"

Sentyabrın 18-də Maliyyə Nazirliyində Nazirlər Kabinetinə təqdim olunmuş 2015-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin rəsmi məlumatına görə, kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri barədə danışıb. O deyib ki, gələn ilin dövlət büdcəsi layihəsinin xərcləri həyata keçirilən sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradacaq: "İqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələrdən olacaq".
Növbəti həftə Nazirlər Kabinetində 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur.
Büdcə şəffaflığı məsələsinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir dövlət və icmal büdcələrinin layihələri Milli Məclisə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimai müzakirəyə çıxarılır: "Bununla yanaşı büdcənin parametrləri ilə əhalini maarifləndirmək məqsədilə sadə və anlaşıqlı dildə vətəndaşın büdcə bələdçisi hazırlanır və bütün bunları ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları və beynəlxalq maliyyə təşkilatları böyük maraqla qarşılayır".