BTQ dəmiryol xətti inkişaf tempini artırır İqtisadiyyat

BTQ dəmiryol xətti inkişaf tempini artırır

İri neft-qaz yataqlarının işlənməsi və beynəlxalq miqyaslı enerji layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında mühüm nəticələr əldə edə bilib.
Karbohidrogenlərin hasilatı və satışından əldə olunan gəlirlər ölkənin qeyri-neft sektorunun və nəqliyyat potensialının artırılmasına yönəldilib ki, bu da gələcəkdə ölkənin "qara qızıl"dan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Hazırda olduqca əlverişli coğrafi mövqeyə malik, böyük nəqliyyat dəhlizlərinin ayrılmaz bir hissəsi olan Azərbaycan regional və beynəlxalq əhəmiyyətli nəhəng nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısıdır.
Bu istiqamətdə mühüm uğurlardan biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin inşası və istismara verilməsi oldu.

Xatırladaq ki, dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə istismara verilib. BTQ-ın ümumi uzunluğu 846 km təşkil edir, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstan, 79 km isə Türkiyə ərazisindən keçir. BTQ vasitəsilə birinci mərhələdə 3-5 mln. ton, ondan sonrakı mərhələdə 17 mln. ton yük və 3 mln. sərnişinlərin daşınması nəzərdə tutulur.
BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir və təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, həm də iki qitə arasında ən qısa yoldur. O yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Bununla yanaşı, BTQ Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını artıq dərəcədə asanlaşdırır.
Qeyd etmək lazımdır ki, bu dəmir yolu marşrutunun səmərəliliyi, əhəmiyyəti və səmərəliliyi haqqında deyilənlər boş sözlər deyil, onlar əməliyyat göstəriciləri və rəqəmlərdə öz təsdiqini tapır.
Beləliklə, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, əgər 2018-ci ildə BTQ 67 393 ton yük daşınıbsa, 2019-cu ildə bu göstərici artıq 110 174 tona yüksəlib ki, bu da 63,5%-lik artım deməkdir. Bu cür yüksək artım templəri dəmir yolu xəttinə olan böyük marağın, marşrutun təhlükəsiz və etibarlı olması ilə izah etmək mümkündür.
BTQ dəmiryol xətti Şərq-Qərb marşrutunun vacib elementi olduğundan, Avropa və Asiya istehsalçı və logistika şirkətləri tərəfindən ona qarşı maraq daha da artır. Marağın və yükdaşıma həcmlərinin artımına daşınma sürətinin yüksəldilməsi də öz təsirini göstərib. Belə ki, bu ilin iyul ayında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan "ADY Konteyner" (ADY-nin törəmə müəssisəsi), "KTZ Express" (Qazaxıstan), "GR Logistics" (Gürcüstan) və "Pasifik Eurasia Logistics" (Türkiyə) şirkətləri Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər.
43 ədəd 40 futluq konteynerdən ibarət olan qatar Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırılıb. Halbuki bundan öncəki qatar bu marşrutu 16 günə qət edib.

Əlavə edək ki, BTQ-dən tək Asiya və Avropa şirkətləri istifadə etmir, bu dəmir yoluna Rusiya şirkətləri də böyük maraq göstərir və ondan istifadə edirlər. Belə ki, ilk dəfə olaraq 2018-ci ilin iyununda "ADY Express" MMC "AzRusTrans" QSC ilə birgə Rusiyadan ilk dəfə olaraq Qarsa taxılı nəql etməyə başlayıb. Daha sonra (2018-ci ilin iyul ayında) Rusiyanın "Maqnitoqorsk Metallurgiya Kombinatı"ın məhsullarının BTQ ilə daşınılmasına start verilib. Artıq ötən ilin dekabrından bu xətlə "Evraz Nijnetaqilskiy Metallurqiçeskiy Kombinat" şirkətinin Türkiyə bazarına çıxartdığı məhsullarının nəqlinə start verilib və bu, hələ başlanğıcdır. Çünki Türkiyə və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri BTQ dəmir yolu xəttinin qarşısında böyük imkanlar və artım perspektivləri yaradır.
Bundan başqa, bu ilin iyun ayından etibarən "ADY Express" BTQ ilə yeni növ yüklərin nəqlinə başlayıb. Bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. "ADY Express" Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmas borular və beton dirəklərini Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

Məhz bütün bu məqamlar BTQ ilə yükdaşımaların artımını təmin edir və edəcək. Çox vacib məqam onda ibarətdir ki, bu istiqamət üzrə yüklərin daşınması tempinə yeni növ koronavirusun pandemiyası dövründə də təsir etməyib. Əksinə, BTQ üzrə daha da yüksək artın qeydə alınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb. Xatırladaq ki, 2019-cu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 37 790 ton yük daşınıb.
Mürəkkəb epidemioloji şəraitə baxmayaraq, BTQ ilə yükdaşımaların sanitar-epidemioloji normalara riayət edilməklə fasiləsiz və artımla aparılması bu istiqamətin beynəlxalq nəqliyyat sistemində necə böyük əhəmiyyət kəsb etdiyi nümayiş etdirir.
BTQ ilə yükdaşımalardan danışdıqda, yaxın gələcəkdə bu dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını yaddan çıxarmamalıyıq. Bu istiqamət üzrə sərnişin daşımalarına start verilməsi həm Azərbaycanda, həm də regionda turizmin inkişafına, dövlətlər arasında ictimai və mədəniyyət əlaqələrinin genişlənməsinə töhfə verəcək.
Yekun qeyd etmək istərdik ki, gətirə biləcəyi bütün iqtisadi faydalarla yanaşı, BTQ xətti tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən amil kimi çox önəmlidir. Bu, hər üç ölkənin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin sıx nəqliyyat əlaqələri qurması üçün geniş imkanlar açır və gələcəkdə regionumuzun iri nəqliyyat mərkəzinə çevrilməsi üçün zəmin yaradır.

Emil İsmayılov