"Fitch": "OPEC+"un qərarı neft bazarına müsbət təsir edəcək İqtisadiyyat

"Fitch": "OPEC+"un qərarı neft bazarına müsbət təsir edəcək

"OPEC+" ölkələrinin fevral və mart ayları üçün razılaşma parametrlərinə dair qərarı neft bazarına müsbət təsir göstərəcək.

"APA-Economics"in məlumatına görə, bunu RİA "Novosti"yə açıqlamasında "Fitch" reytinq agentliyinin təbii ehtiyatlar və xammallar üzrə qrupun direktoru Dmitri Marinçenko deyib.

Onun sözlərinə görə, qərar bazarda artıq təklifə qayıtma ehtimalını azaldır və neft qiymətlərini dəstəkləməlidir.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,5 mln. barel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı.