Signify şirkəti SOCAR-a işıqlandırma sistemlərini təklif edir İqtisadiyyat

Signify şirkəti SOCAR-a işıqlandırma sistemlərini təklif edir

Signify şirkəti SOCAR-a işıqlandırma sistemlərini təklif edir.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkət rəhbərliyinin digər nümayəndələrini qəbulu zamanı bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davos iqtisadi forumunda görüşündən sonra iqtisadi və enerji dayanıqlığının Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu sahəyə aid texnologiyalarını təklif etmək üçün Bakıya səfər etdiyini bildirən Erik Rondolat “Signify” şirkətinin yeni işıqlandırma texnologiyaları sahəsində ixtisaslaşdığını, şirkətin LED texnologiyasına əsaslanan işıqlandırma sistemlərinin daha dayanıqlı və qənaətli olduğunu, daha effektiv idarə olunduğunu vurğulamışdır.

Görüşdə “Signify” şirkətinin təklif etdiyi işıqlandırma sistemlərinin SOCAR-ın emal zavodlarında və digər müəssisələrində tətbiqi imkanlarını araşdırmaq və səmərəliliyini müəyyən etmək üçün aidiyyəti sahələr üzrə məsul şəxslərlə danışıqların davam etdirilməsi təklif olunmuşdur.

Əvvəlki adı “Philips Lighting” olan “Signify” şirkəti şəhərlərin işıqlandırılması sahəsində dünyanın aparıcı şirkətlərindən sayılır. Şirkətin tətbiq etdiyi LED texnologiyası ilə elektrik enerjisinə qənaət etmək mümkündür. “Signify” artıq 20 ildir ki, həm də kənd təsərrüfatı məhsullarının işıqlandırma texnologiyaları ilə məşğuldur.